İQTİSADİYYAT
Cenevrədə meyvə-tərəvəzin keyfiyyəti üzrə məcəlləyə düzəlişlər edilib
Bakı, 18 iyul, AZƏRTAC
Cenevrədə Alimentarius Məcəlləsi Komissiyasının - ərzaq məhsullarının keyfiyyətinə məsul orqanın 40-cı sessiyası keçirilir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, sessiya iştirakçıları təzə meyvə-tərəvəzin keyfiyyətinə və heyvan mənşəli ərzaq məhsullarında veterinar preparat qalıqlarının maksimum yol verilən miqdarına dair qərarlar qəbul ediblər.
İyulun 17-dən başlanan sessiya bu ayın 22-dək davam edəcək. İştirakçılar qida məhsulları təhlükəsizliyinə və onların keyfiyyət standartlarına görə bir sıra qərarlar qəbul etməyi planlaşdırırlar.
Komissiya heyvan mənşəli ərzaq məhsullarında veterinar preparat qalıqlarının maksimum yol verilən miqdarı barədə qərarı artıq bəyənib. Bu baxımdan qaramalın dərisində parazitlərin məhv edilməsi üçün istifadə edilən ivermektin və lazalotsid natrium dərman preparatlarının miqdarına məhdudiyyət qoyulub. Ekspertlər, həmçinin qızılbalıqda teflubenzuron qalığının maksimum yol verilən miqdarını müəyyən ediblər.
Alimentarius Məcəlləsi Komissiyası, həmçinin öz Məcəlləsində təzə meyvə-tərəvəz üçün gigiyena praktikasında düzəlişlər edib. Bu düzəlişlər meyvə-tərəvəzə mikrobların düşmə riskini minimum azaltmağa kömək edəcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı və Dünya Səhiyyə Təşkilatı tərəfindən 1963-cü ildə təsis edilmiş Alimentarius Məcəlləsi Komissiyası ərzaq məhsullarının vahid beynəlxalq standartlarını hazırlayır. Quruma 187 ölkə və Avropa İttifaqı daxildir. Komissiyanın iclasları hər il keçirilir.