CƏMİYYƏT
Cenevrədə yeniyetmələrin sağlamlığının mühafizəsi üzrə məsləhətləşmələr aparılır
Bakı, 11 yanvar, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) bu günlərdə uşaqların sağlamlığının qorunması üzrə Cenevrədə məsləhətləşmələr aparır.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, məqsəd ölkələr üçün müvafiq rəhbərliyi hazırlamaqdır. DST ekspertləri hökumət nümayəndələri və gənclərlə mütəmadi məsləhətləşmələr aparırlar. “Avropa regionu ölkələri məktəb səhiyyəsinin inkişafında maraqlıdır. Bu da təsadüfi deyil. Demək olar ki, Avropa regionunun hər bir ölkəsində məktəb səhiyyə xidmətlərinin bu və ya digər forması mövcuddur. Yeniyetmələrə bu növ xidmətlərin göstərilməsi onların sağlamlığı üçün çox yaxşı nəticələr verib”, - deyə DST-nin Avropa bürosundan Valentina Baltaq bildirib.
Avropa səviyyəsində məsləhətləşmələrin əsas mövzusu məktəb səhiyyəsi çərçivəsində qeyri-yoluxucu xəstəliklərin qarşısının alınmasdır. Çünki ağır həyat tərzi, qeyri-düzgün qidalanma, tütün və alkoqoldan istifadə yeniyetmələrdə belə xəstəliklərin inkişaf riskini yaradan əsas amillərdir.