İQTİSADİYYAT
Cenevrədəki ticarət üzrə seminarda Dövlət Gömrük Komitəsi də təmsil olunub
Bakı, 8 iyul, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində "BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) dair ticarət üzrə yüksək səviyyəli seminar" keçirilib. Seminarda iştirak edən nümayəndə heyətinin tərkibində Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov da olub.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, seminarda dayanıqlı inkişafın təmin edilməsi prosesində ticarətin asanlaşdırılması sahəsində mövcud çətinliklər və imkanlar, qeyri-tarif tədbirləri və hərtərəfli ticarətin inkişafına dəstək verəcək amillər müzakirə edilməklə yanaşı, bu sahədə tətbiq olunan yeniliklər, texnologiyalar üzrə məlumat mübadiləsi aparılıb.
S.Qaralov çıxışında komitədə aparılan son islahatlar, "Yaşıl dəhliz" konsepsiyası, "Bir pəncərə" prinsipi, elektron bəyanetmə, qısa idxal bəyannaməsinin təqdim edilməsi və ölkəmizin tranzit potensialının artırılması istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.
Qeyd edək ki, "Yaşıl dəhliz" konsepsiyası barədə təqdim edilən məlumatlar Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram üzrə işçi qrupunun rəhbəri tərəfindən yüksək dəyərləndirilərək bu təcrübənin digər dövlətlərlə də mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə digər iştirakçı ölkələr tərəfindən də ticarətin asanlaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən layihələr barəsində təqdimatlar keçirilib. Qazaxıstan nümayəndəsi "Bir pəncərə" prinsipi olan "Astana 1" layihəsi, Özbəkistan nümayəndəsi isə "Ticarətin Asanlaşdırılması üzrə Milli Komitə”yə dair təqdimatla çıxış ediblər.
Xatırladaq ki, "Ticarətin Asanlaşdırılması" sazişi əsasən gömrük məsələləri ilə bağlı olduğundan Ümumdünya Gömrük Təşkilatı bu sazişin tətbiqinə dəstək olan və icra mexanizmlərinin tətbiqini sadələşdirən əsas qurum olaraq müəyyən edilib.