MƏDƏNİYYƏT
“Cənnətim Qarabağ” rubrikasının növbəti təqdimatı Xalq artisti Mehdi Məmmədova həsr edilib
Bakı, 1 oktyabr, AZƏRTAC
“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan teatrının görkəmli sənətkarlarından biri olan rejissor, aktyor və pedaqoq SSRİ Xalq artisti Mehdi Məmmədova həsr olunub.
Mehdi Əsədulla oğlu Məmmədov 1918-ci il may ayının 22-də Azərbaycanın dilbər güşələrindən biri olan və musiqi beşiyimiz sayılan Şuşa şəhərində anadan olub. Uşaq vaxtı onun atası Şuşada papaqçılıq sənəti ilə məşğul idi və dolanışıqları çətin olduğundan ailə 1922-ci ildə Bakıya köçməli olur. Bu ərəfədə onların ailəsində üç oğlan uşağı böyüyürdü. O illərdə ölkədəki durumun qarışıq olmasına və güzəranlarının yenə də çətin keçməsinə baxmayaraq, Əsədulla kişi öz ömür-gün yoldaşı Sayalı xanımla birlikdə uşaqlarını böyütmək və oxutmaq üçün bir valideyn kimi mümkün olan hər şeyi edirdilər. Mehdi isə yavaş-yavaş ədəbiyyata və teatra meyil salmışdı. Onun teatr sevdasına düşməsində aktyor Cəlil Bağdadbəyovun təsiri olur. Belə ki, Mehdi qonşuluqda yaşayan Cəlilə tamaşalardakı mətnləri köçürmək işinə kömək edirdi. Getdikcə səhnə sənətinə vurğunluğu yaranan Mehdi yeddinci sinfi başa vurduqdan sonra teatr texnikumuna daxil olmaq istəyir. Lakin qəbul komissiyası Mehdinin yaşının az olmasını səbəb gətirib onu məktəbə qəbul etmir. Bu balaca Mehdini çox sarsıtsa da, əqidəsindən döndərə bilmir. Dostu vasitəsilə rejissor Həbib İsmayılovla tanışlığı onu yenidən bu sənətə cəlb edir. Onun qayğısı ilə Mehdi Bakı Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxmağa başlayır. Çox keçmir ki, uşaqlıq arzusunu gerçəkləşdirmək məqsədilə 1932-ci ildə Bakı Teatr Məktəbinə daxil olur. Buranı bitirdikdən sonra 1935-40–cı illərdə Moskva şəhərindəki A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda ali rejissor təhsili alır. Onun diplom işi isə Məmmədhüseyn Təhmasibin "Bahar" dramının səhnə həlli olur. Gəncə Dövlət Dram Teatrında oynanılan bu tamaşa Rusiyadan gələn professorlar tərəfindən bəyənilir və yüksək qiymətləndirilir. Beləliklə, məzun olduqdan sonra təyinatla Gəncəyə göndərilən gənc Mehdi 1945-ci ilin yay mövsümünün sonunadək burada çalışır. Bütün bu vaxtlar ərzində o, ən yaxın dostu olan Rza Təhmasiblə məktublaşır. Elə həmin il o, R.Təhmasibin vasitəçiliyi ilə Teatr İnstitutuna rejissorluqdan və aktyor sənətkarlığından dərs demək üçün müəllim vəzifəsinə götürülür. Ardınca 1946-cı ildən Azərbaycan Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayır. Onun bu sənət ocağında ilk işi Uilyam Şekspirin “On ikinci gecə” komediyasının tamaşası olur. Azərbaycanın mədəni həyatında böyük hadisəyə çevrilən həmin tamaşa iki il ərzində düz 100 dəfə göstərilmişdir. Belə uğurlu debütdən sonra rejissor müəyyən fasilələrlə C.Cabbarlının “Yaşar”, A.Fadeyevin “Gənc qvardiya”, S.Rəhmanın “Aydınlıq”, “Əliqulu evlənir”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, M.Təhmasibin “Çiçəklənən arzular”, N.Qoqolun “Müfəttiş”, K.Qoldoninin “Mehmanxana sahibəsi”, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, M.Hüseynin “Alov”, M.İbrahimovun “Kəndçi qızı”, L.Tolstoyun “Canlı meyit”, H.Cavidin “Xəyyam”, “İblis”, S.Vurğunun “İnsan”, M.Qorkinin “Meşşanlar”, C.Məmmədquluzadənin “Dəli yığıncağı” və s. kimi milli, rus və qərb dramaturgiyasının ən gözəl nümunələrini tamaşaya qoyub. Rejissorun “Dəli yığıncağı” tamaşası öz səhnə həllinə görə Azərbaycan teatrında bir hadisə kimi qarşılanmışdı. Müxtəlif illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor kimi Fikrət Əmirovun “Sevil”, C.Cahangirovun “Azad”, Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, C.Puççininin “Toska” operalarına, M.Qorkinin “Həyatın dibində”, M.Şatrovun “Mənim Nadejdalarım” dramlarına da quruluş verir.
Mehdi Məmmədov dedikdə bir çoxları onu rejissor kimi xatırlasa da, əslində o, öz yaradıcılığına aktyor kimi başlayıb. O, müxtəlif illərdə bir sıra sənət ocaqlarının səhnələrində F.Şillerin “Qaçaqlar”, C.Cabbarlının “Almaz”, M.Qorkinin “Günəş övladları”, A.Ostrovskinin “Günahsız müqəssirlər”, S.Hüseynin “Kölgə”, S.Vurğunun “Vaqif”, “Xanlar”, M.İbrahimovun “Madrid”, M.Hüseynin “Nizami”, “Alov”, M.Qorkinin “Meşşanlar”, L.Tolstoyun “Canlı meyit”, H.Cavidin “Xəyyam” və s. tamaşalarda Karl Moor, Hacı Əhməd, Yevstiqneyko, Neznamov, Bəxtiyar, Eldar, Söhbət, doktor Karton, Əbdək, Kamalov, Terenti Teterov, Protasov, Xəyyam kimi obrazları böyük ustalıqla ifa edib.
1959-cu ildə “Onu bağışlamaq olarmı?” bədii filmində canlandırdığı Qaya Mürşüdov obrazı ilə tamaşaçıların sevgisini qazanan aktyor 1963-cü ildə “Alov” tamaşasında yenidən müstəntiq obrazında səhnəyə çıxır. 1964-cü ildə M.Məmmədov dahi ingilis yazıçısı U.Şekspirin 400 illik yubileyindən ilhamlanaraq onun “Hamlet” faciəsi əsasında bir radiotamaşa hazırlayır. Digər dünyaşöhrətli aktyorların Hamletini ekrandan və səhnədən görmüş ingilislər Mehdinin yüksək səs tembrinə, aydın diksiyasına, cazibəli görkəminə, pafoslu danışığına heyran qalaraq, onu “azərbaycanlı şahzadə Hamlet” adlandırmışdılar.
Belə bir fakt məlumdur ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin görkəmli nümayəndələri Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını təzimlə bildirirmişlər. Moskva Teatr Akademiyasının divarında sərgilənmiş böyük korifeylərin portretləri sırasında Mehdi Məmmədovun şəklinin də sıralandığını söyləyirlər.
Zəngin elmi təfəkkürə malik olan M.Məmmədov ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında özünəməxsus rol oynayıb. Onun müəllifi olduğu “Azəri dramaturgiyasının estetik problemləri”, “Teatr düşüncələri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”, “Hüseyn Ərəblinski”, “Onun sənət ulduzu”, “Moskva Akademik Bədaye Teatrı”, “Aleksandr Tuqanov”, “Rejissor sənəti”, “Sabit Rəhman”, “Həyat və sənət yollarında”, “Mah teatr” və digər kitablar bu gün də teatr sənəti üzrə dəyərli tədqiqatlar sırasındadır.
Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov 1949-cu ildə Əməkdar incəsənət xadimi, 1958-ci ildə Xalq artisti və 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Ömrünün sonlarına yaxın Azərbaycan Dövlət Akademik Dram Teatrında hazırladığı H.Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.
Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də qəfil ürək tutmasından dünyasını dəyişib. Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub.