İDMAN
Censon Batton: Azərbaycan Qran-Prisinə baxmaq maraqlı idi
Bakı, 1 iyul, AZƏRTAC
Bakıda keçirilən yürüş zamanı Sebastyan Fettel təhlükəsizlik avtomobilinin trasda olduğu zaman Lyuis Hemiltonla iki dəfə toqquşub, özü də bir dəfə bunu qəsdən edib. “Ferrari”nin pilotu buna görə 10 saniyəlik “Stop&Go” və üç cərimə balı alıb. Bir gün əvvəl məlum olub ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) Fettelin daha sərt cəzalandırılmasına ehtiyac olub-olmadığını qiymətləndirmək üçün insidentin səbəblərini yenidən nəzərdən keçirmək niyyətindədir.
AZƏRTAC “F1News” agentliyinə istinadla xəbər verir ki, Formula-1-in keçmiş pilotu, hazırda Britaniyanın “Sky Sports” agentliyinin eksperti Martin Brandl hesab edir ki, FIA Bakıdakı insidentin təfərrüatını yenidən araşdırmamalıdır.
O, özünün Twitter səhifəsində yazıb: “Əgər FIA şəxsi yanaşmalar sistemini, prosedurlarını və stüardların qərarlarını yenidən nəzərdən keçirməyə hazırlaşırsa, bu, cəsarətli qərardır. Amma mən istəyirəm ki, Formula-1-də çox cəsur adamlar mübarizə aparsınlar. Bax belə yanaşma ürəyimcədir”.
2009-cu ilin dünya çempionu Censon Batton M.Brandlın fikirlərinə reaksiya verərək yazıb: ”Səninlə razıyam. Pilot yüksək sürətlə rəqibini sıxışdıraraq trasdan kənarlaşdıran zaman adətən 10 saniyəlik cərimə ilə müqayisədə daha yüngül cəza alır.
Azərbaycan Qran-Prisinə baxmaq maraqlı idi. Nə üçün? Çünki adrenalin və emosiyalar həddindən çox idi. S.Fettelin etdiyi səfehlikdir və o, buna görə artıq cəzalandırılıb. Yola davam etmək lazımdır”.