SİYASƏT
“Cənubi Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 4-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransına dair müzakirələr aparmaq məqsədilə “Cənubi Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin moderatoru, qurumun İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə geosiyasi vəziyyət dəyişib və yeni tendensiyalar ortaya çıxmaqdadır. O deyib ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı zamanı yeni reallıqlar haqqında fikirlərini bölüşüb və yeni imkanlar barədə məlumat verib.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini, Atlantik Şuranın (Atlantic Council) baş elmi işçisi Metyu Brayzə çıxışı zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi keçmiş təcrübəsindən danışıb. Bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Madrid prinsipləri uzun müddət masa üzərində qalıb. Onun sözlərinə görə, bu sənəd ötən il noyabrın 10-a kimi mövcud idi və əslində, Ermənistan üçün fayda daşıyırdı. Sabiq səfir bildirib ki, hazırda 10 noyabr Bəyanatı uzunmüddətli sülh üçün əsas olmalıdır. Metyu Brayzə, həmçinin bölgədə formalaşmış yeni vəziyyətin Şərq-Qərb enerji nəqliyyatı və digər regional layihələr üçün də yeni imkanlar açacağını dilə gətirib. O deyib: “Yeni layihələr iqtisadi inkişafa yol açır və Ermənistan üçün iqtisadi reinteqrasiyanı mümkün edir”.
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi Stanislav Pritçin dünyanın regionla bağlı tarixi günlərə şahidlik etdiyini və SSRİ dövründən bu yana ilk dəfədir ki, Ermənistan və Azərbaycanın aralarındakı münaqişəni geridə qoya biləcəyini deyib: “Hazırda Ermənistanın daxilində siyasi risklər var və bunlar atəşkəs üçün təhdiddir. Problemlər hələ də yaşanır, lakin heç kim müharibəyə qayıtmaq istəmir. Ermənistandan başqa hamıya bəllidir ki, Türkiyə və Azərbaycanla sərhədlərin açılması, iqtisadi reinteqrasiya Ermənistan üçün ən real ssenaridir. İndiki məqamda Türkiyə-Rusiya əməkdaşlığı üçün də sabit bir forma yaranıb”.
Sonra çıxış edən Kanada Qlobal Əlaqələr İnstitutunun elmi əməkdaşı (Canadian Global Affairs İnstitute) Robert Katler ötən həftə Xocalı soyqırımının ildönümünün qeyd olduğunu deyərək, bu faciənin indiki problemlərin həllində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Köçəryan və Sarkisyanın bu hadisəyə görə məsuliyyət daşıdığı məlumdur və Xocalı faciəsi Ermənistanın indiki problemlərinə də kölgə salır. Dağlıq Qarabağın statusu məsələsinin gündəmdən çıxarılmasının praktiki baxımından barışa imkan yarada biləcəyini deyən R.Katler bildirib: “Ermənistan tərəfinin mina xəritələrini təqdim etməməsi müharibə cinayətidir. Ermənistan-Azərbaycan əməkdaşlığı uzunmüddətli sülh üçün lazımdır”.
Türkiyə Kadir Has Universitetinin iqtisadiyyat, idarəetmə və sosial elmlər fakültəsinin dekanı Mithat Çelikpala çıxışı zamanı hazırda bölgədə əməkdaşlıqlar üçün yeni şəraitin yarandığını deyərək, Türkiyə-Azərbaycan-Gürcüstan kimi üçtərəfli əməkdaşlığın mövcud olduğunu və Ermənistanın da buraya qatıla biləcəyini bildirib. Onun sözlərinə görə, Minsk qrupu, xüsusilə Fransa həmsədr ölkə kimi Azərbaycan üçün legitimliyini itirib. “Ermənistanla Azərbaycan arasında yeni dialoq qurulmalıdır. Ermənistanda revanşist davranışlar bölgədə mövcud olan bütün potensialı poza və bölgədəki layihələrə ziyan vura bilər”, - deyə o qeyd edib.