SİYASƏT
Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələri üçün əvəzolunmaz alternativə çevrilib
Bakı, 3 avqust, AZƏRTAC
Bu gün dünya sanki üçüncü dünya müharibəsinin astanasındadır. Beynəlxalq fonda gərginlik və ziddiyyətlər gündən-günə artmaqdadır. Rusiya-Ukrayna müharibəsi və dünya gücləri arasında fikir ayrılığı bu gərginliyi hər gün daha da dərinləşdirir. Baş verən müharibələr nəticəsində tətbiq olunan qarşılıqlı sanksiyalar əksər ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir, həmçinin dünya bazarlarında ərzaq böhranına səbəb olur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi problemi gündən-günə dərinləşməkdədir. Belə ki, müharibə və münaqişələr nəticəsində bəzi ölkələr bir-birilərindən aldıqları qazın və kömürün idxalını dayandırırlar. Nəticədə qaz anbarlarının boşalması qış fəsli yaxınlaşdıqca daha çox narahatlıq yaradır. Ölkə liderləri də dünyanın iri qaz istehsalçı dövlətləri ilə danışıqlar aparmağa məcbur qalırlar. Hazırda dünyada ölkələr arasında hərbi gərginlik dərinləşməkdədir.
Milli Məclisin deputatı bildirib ki, uzun sürən pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər istehsal və ixrac zəncirlərində qırılmalar yaradıb. Bütün bunlar dünyada ərzaq böhranını dərinləşdirib. Beynəlxalq siyasətdə mürəkkəb vəziyyətin yarandığı bir vəziyyətdə ölkənin iqtisadiyyatının və təhlükəsizliyinin qorunub saxlanılması üçün təbii ki, onun rəhbərliyində uzaqgörən, təcrübəli, iradəli və zamanın çağırışlarına uyğun düzgün qərarlar qəbul edə bilən liderin olması onun gələcək taleyini həll edir. Azərbaycan ərazisinə görə böyük olmasa da, dünya siyasətinin və nizamının tənzimlənməsinə verdiyi töhfələrlə çox nüfuzlu ölkə imici formalaşdırıb. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi COVlD-19 pandemiyası ilə bağlı qəbul edilən beynəlxalq qərarların lokomotivi olmaqla yanaşı, həm də bu təşkilatın institutlaşmasına töhfə verən ilk ölkələrdən biridir. Belə ki, ölkəmizin sədrlik etdiyi dövrdə Qoşulmama Hərəkatı daha fəal beynəlxalq quruma çevrilib. Bundan əlavə, QH-nin Parlament və Gənclər şəbəkələri məhz ölkəmizin təşəbbüsü ilə yaradılıb. Azərbaycan həm də Avropanın enerji təhlükəsiliyində həlledici rol oynamağa başlayıb. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörənliyi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələri üçün bu çətin dövrdə əvəzolunmaz alternativə çevrilib. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu dövlətimizin başçısının zamanı qabaqlaya bilən uzaqgörən siyasətinin məhsullarıdır. Bu gün Asiya ilə Avropanı birləşdirən yeni beynəlxalq marşrut məhz Azərbaycanın ərazisindən keçir və beynəlxalq daşımalar Cənubi Qafqaz regionuna istiqamətlənib”, - deyə A.Badamov vurğulayıb.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Azərbaycan dünyada ərazisinin 20 faizinin 30 il işğala məruz qalan çox az ölkələrdən biridir. Eyni zamanda, işğal altına düşmüş əraziləri düşünülmüş şəkildə dağıdılaraq yerlə-yeksan edilib. Azərbaycan torpaqlarının azad edilməsi üçün 30 il beynəlxalq təşəbbüsləri gözləyib və beynəlxalq təşəbbüslər münaqişəni əbədi dondurulmaya apardığı halda öz hərbi gücü ilə 44 gündə işğala son qoyub. Ölkəmizin apardığı müharibə taktikası dünya üçün nümunəyə çevrilib. Müharibədən çıxmış ölkələrə iqtisadiyyatlarını bərpa etmək və özünə gəlmək üçün müəyyən zamana ehtiyac yaranır. Amma Prezident İlham Əliyevin hər bir məsələni zərgər dəqiqliyi ilə ölçməsi müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərini sürətlə aparılmasına imkan verib. Müharibənin başa çatdığı iki ilə yaxın bir müddətdə işğaldan azad edilmiş ərazilərimiz tikinti meydançasına çevrilib. Bu ərazilərdə meqalayihələr icra olunub, Ağalıya ilk qayıdışımız təmin edilib. Təbii ki, bütün bu işləri Azərbaycan dövləti kənardan heç bir dəstək almadan, öz iqtisadi gücü hesabına həyata keçirir.
Azərbaycanda pandemiyaya qarşı mübarizənin də səmərəli təşkil olunduğunu deyən A.Badamov qısa zamanda modul tipli xəstəxanaların tikildiyini, tibbi maska və qoruyucu vasitələr istehsal edən fabriklərin açıldığını, həmçinin xəstəxanaların koronavirusla mübarizəyə uyğunlaşdırıldığını diqqətə çatdıraraq deyib: “Məhz dövlətimizin vaxtında atdığı addımlar sayəsində Azərbaycan bu gözəgörünməz bəladan ən az zərər çəkmiş ölkələr sırasında yer alır. Həm də dövlətimiz insanların sosial vəziyyətinin pisləşməməsi və iş yerlərini qoruyub saxlanması üçün böyük maliyyə tutumlu sosial proqramlar icra etdi. Təbii ki, qlobal miqyasda baş vermiş gərginliklər dünya iqtisadiyyatlarını tənəzzülə doğru aparıb və bu gün də qlobal iqtisadi resessiya davam etməkdədir. Qeyd etdiyim kimi, dövlətimizin başçısının qəbul etdiyi qərarlar və uzaq görən siyasəti ölkəmizin daha az təsirlə çıxmasına və qısa bir zamanda iqtisadiyyatı bərpa edilməsinə imkan verdi. Belə ki, 2022-ci ilin birinci yarımilliyində iqtisadiyyatımız 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırığı ilə hökumət həm də antiinfilyasiya tədbirlərini gücləndirib, dünyada dərinləşən ərzaq böhranına qarşı mübarizə aparılması və ölkəmizin iqtisadiyyatına təsirlərini minimuma endirilməsi üçün tədbirlər görülür. Hesab edirəm ki, həyata keçiriləcək tədbirlər sayəsində ölkəmiz ərzaqlıq buğdanın təminatını qısa zaman kəsiyində idxaldan asılılığını minimuma endirə biləcək. Həm də qlobal inflyasiyanın ölkə iqtisadiyyatına təsirlərini minimuma endirilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün inkişaf templərini qoruyub saxlayacaq və ölkəmizi qlobal təhlükələrdən qorunaraq vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşması istiqamətində davamlı addımlar atılacaq.