İQTİSADİYYAT


“Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür

Layihənin icrası müddətində 30 minədək yeni iş yeri yaradılacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu gün “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür. Məhz 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirilib. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Qeyd edilən layihələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli Sərəncamına əsasən səhmlərinin 51 faizi dövlət mülkiyyətində - İqtisadiyyat Nazirliyi, 49 faizi isə SOCAR-a məxsus “Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edilib.

Azərbaycan tərəfindən layihələrin iradə edilməsi SOCAR-ın “SOCAR Upstream Management International” və “SOCAR Midstream Operations” şirkətləri tərəfindən həyata keçirilir. Həmin şirkətlər layihələrin tərkibində yaradılmış bütün komitələrdə iştirak edir və operatorlarla birgə layihənin icrasında əməkdaşlıq edirlər. SOCAR layihələrdə dövlətin maraqlarını təmin etməklə yanaşı, əsas qərarların qəbul edilməsində də iştirakçıdır. Layihənin maliyyələşdirilməsi isə “Şahdəniz-1”dən əldə edilən gəlirlərin sərmayə olaraq yatırılması, o cümlədən də “Cənub Qaz Dəhlizi” QSC-nin səhm kapitalına, yerli və xarici maliyyə bazarlarından cəlb olunmuş borc vəsaitləri hesabına həyata keçirilir.

“Cənub Qaz Dəhlizi” layihələrində “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsi üçün 2014-2020-ci illər üzrə ümumi tələb olunan təqribən 12,3 milyard ABŞ dolları məbləğində vəsaitdən bu il sentyabrın 15-dək 7,6 milyard dollarlıq hissəsi, yəni təxminən 62 faizi icra edilib. Bu il isə “Cənub Qaz Dəhlizi” üzrə layihələrə 1,7 milyard dollaradək investisiya qoyulub.

Beynəlxalq maliyyə qurumlarının “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə marağı böyükdür. Belə ki, Asiya İnkişaf Bankının Direktorlar Şurası bu il dekabrın 7-də “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi” layihəsi üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin iştirak payı üzrə tələb olunan vəsaitin çatışmayan hissəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları kreditin ayrılması, eləcə də 15 il müddətinə 526 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib. Həmçinin Dünya Bankının Direktorlar Şurası dekabrın 20-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən 30 il müddətinə 400 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Dünya Bankının Direktorlar Şurası, eləcə də Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsinə də qərar verib. Bundan başqa, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası dekabrın 21-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə TANAP layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayrılması üzrə layihənin yekun icmalını başa çatdırıb. Layihənin yekun icmalının oktyabrın 18-də bankın idarə heyəti tərəfindən təsdiq olunması gözlənilir. Bu vəsait “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə ayrılacaq. Kredit CQD-nin TANAP üzrə öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

“Şahdəniz” yatağının kəşfi

Neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividendlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdı.

2006-cı ildən yataqda hasilata başlanıldı. “Şahdəniz-1” layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verildi. 2006-cı ildən etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Bu ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olub. Yarım ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 14 milyon dollar əməliyyat və 413 milyon dollar əsaslı xərclər sərf edilib. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Cari ilin birinci yarısında “Şahdəniz” yatağından isə 5,1 milyard standart kubmetr təbii qaz və 1,2 milyon ton (təqribən 9,7 milyon barrel) kondensat hasil olunub. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 30 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir. “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.

Dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” üzrə bu ilin birinci yarısında fəaliyyətlərə təqribən 249 milyon dollar əməliyyat və 1,64 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlərin 96 faizi görülüb

Azərbaycan təbii qazının daha böyük həcmlərlə Türkiyəyə və Avropaya çatdırılması üçün Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi icra edilir. “Cənub Qaz Dəhlizi”nin digər tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 düym diametr ölçüsündəki boru kəmərinin, o cümlədən də Gürcüstanda 2 kompressor stansiyasının inşasını əhatə edir. CQBKG layihəsi 2013-cü ildən icra edilməyə başlayıb və 2018-ci ilin ortalarında yekunlaşdırılması planlaşdırılır. Boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP-a qoşulacaq ki, bu da Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya çatdırılmasına xidmət edəcək. Layihənin ümumi dəyəri 4,9 milyard dollardır. CQBKG üzrə 2020-ci ilədək Azərbaycan şirkətlərinin xərclərinin ümumilikdə 820 milyon dollar olması gözlənilir.

Genişləndirmə nəticəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük qabiliyyəti 16 milyard kubmetr artırılaraq 23,4 milyard kubmetrə çatdırılacaq. Bununla da, qaz nəqlinin həcmi 3 dəfəyədək artacaq. Yeni boru kəmərinin uzunluğu Azərbaycan ərazisində 424 kilometr, Gürcüstan ərazisində 61 kilometr, TANAP-a bağlantısı isə 2 kilometrdir.

Bu ilin birinci yarısında CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla, 96 faizi artıq tamamlanıb. Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib. Təqribən 370 kilometr uzunluğunda borular artıq qaynaq edilib və 263 kilometr boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.

Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”

Cari ilin birinci yarısında “Şahdəniz-2” layihəsinin tikinti işləri uğurla davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95 faizdən çoxu tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı “ATA” (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı dərin özüllər zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir.

Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə iki yeni platforma, 26 qazma quyusu, sualtı avadanlıqlar, Şəngəçal terminalının genişləndirilməsi və 500 kilometrlik sualtı boru kəmərləri daxildir. “Şahdəniz-2” layihəsi çərçivəsində dörd quyu artıq tamamlanıb. Birinci yarım ildə “Şahdəniz-1”in mövcud platformasında (Alfa) “SDA11” qaz hasilatı quyusunda qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir. Bu ilin ikinci rübü ərzində “İstiqlal” qazma qurğusu yatağın şimal cinahında dördüncü quyunu (SDC01 quyusu) tamamlayaraq qərb cinahda daha dörd tamamlama işi aparmaq üçün “SDD01” quyusunun yerləşdiyi əraziyə keçirilib. “Maersk Explorer” qazma qurğusu “SDF01” quyusunun məhsuldar lay hissəsini qazaraq “SDF02” quyusunda da həmin işləri aparmaq üçün o əraziyə keçib və hazırda həmin işlər davam edir. Bu iki qazma qurğusu artıq “Şahdəniz-2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 13 hasilat quyusu qazıb və bu quyulardan yatağın şimal cinahında yerləşən dördünü tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cari ilin iyununda layihə daha bir mühüm hadisəni qeyd edib – “Şahdəniz-2” üçün tikilən platformalardan birinin üst modulları yola salınıb və dənizdə quraşdırılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olunan rəsmi mərasimdə Prezident İlham Əliyev də iştirak edib. Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulub və uğurla bərkidilib. “ATA” tikinti-quraşdırma sahəsində “Şahdəniz-2” üçün inşa olunan platformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90 faiz tamamlanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır.

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda bitib. Sentyabrın 6-da isə Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub. Bu, “Şahdəniz-2” layihəsində mühüm bir mərhələdir.

Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.

TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üzrə işlərin 88 faizi tamamlanıb

2012-ci ildə “Şahdəniz-2” layihəsi üzrə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edilib. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanıb. 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyuldu. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

Bu il avqustun əvvəlinə TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. Boru kəməri iki fazada inşa olunur. Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 56 düym diametrində və təxminən 1334 kilometr uzunluğundakı boru kəməri ilə yanaşı, 2 ədəd ölçmə stansiyası, bir ədəd ana xətt və bir ədəd kompressor stansiyasının, eləcə də çoxlu sayda blok klapan və digər stansiyaların tikintisi aparılır. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazının verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

TAP layihəsinin 50 faizdən çoxu icra edilib

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün TAP qaz boru kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 kilometr olan və layihə dəyəri 4,5 milyard avro olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib.

2013-cü il sentyabrın 19-da isə Bakıda “Şahdəniz” qazının Avropaya satışına dair “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, "Hera Trading srl" və "Shell Energy Europe Limited" şirkətləri ilə uzunmüddətli sazişləri imzalandı. Sazişlər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil ediləcək qazın İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasına dair 25 illik əməkdaşlığın təməlini qoydu. Azərbaycan tərəfi ilə “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA”, “GDF Seuz S.A.”, "Hera Trading srl" və "Shell Energy Europe Limited" şirkətləri arasında “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25 illik sazişlər imzaladı. Bu şirkətlər hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürüləcək. Bu sazişlərin ardınca isə həmin il dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub.

“Cənub Qaz Dəhlizi”nin sonuncu halqası və Avropa hissəsi olan TAP-ın qaz boru kəmərinin təməli bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP qaz boru kəməri layihəsinin 50 faizdən çoxu icra edilib. Görülən işlərə mühəndislik, satılma və tikinti işləri daxildir. Boru kəmərinin tikintisi işlərinə başlanılandan ötən təxminən 16 ay ərzində layihə üzrə 16 milyon adam/saat iş görülüb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutunun təxminən 539 kilometri, yəni 70 faizi təmizlənib. Qaynaq edilən boruların 45 faizdən çoxu döşənib. Boru kəmərinin tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95 faizi Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. TAP-ın dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası isə sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası üçün 40 milyard dollar sərmayə sərf ediləcək. Layihənin icrası müddətində ümumilikdə 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini məhz Azərbaycanda açılacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.

Bir sözlə neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividendlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Mənbəyini məhz “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Bütün bunlarla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq.

 

Nihad Budaqov

AZƏRTAC-ın aparıcı müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.