REGİONLAR
Cənub bölgəsində Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Astara-Lənkəran-Lerik, 9 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə cənub bölgəsində silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Gənclər Evinin qarşısında ucaldılmış dövlət bayrağı önündə təşkil olunan ümumrayon tədbirində rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, dövlət bayrağımız Azərbaycan Respublikasının suverenliyinin rəmzidir. Bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib.
Diqqətə çatdırılıb ki, Astara rayonunda iki yerdə - şəhərdə və Kijəbə qəsəbəsində Azərbaycanın dövlət bayrağı ucaldılıb. Rayonun giriş qapısı olan Çayoba kəndində dalğalanan dövlət bayrağı isə bu məkana qədəm qoyan hər kəsi heyran edir.
Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, dövlət bayrağımızın ölkəmizin hər yerində olduğu kimi, Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə edilib.
Tədbir iştirakçıları Bayraq Meydanında dövlət rəmzlərini əks etdirən əl işlərindən ibarət sərgi, Gənclər Evində fəaliyyət göstərən Bayraq Muzeyində tarixi Azərbaycan bayraqları, döş nişanları, pul vahidləri ilə tanış olublar.
x x x
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Gününə həsr olunmuş “Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi” mövzusunda tədbir keçirilib.
Mərkəzin əməkdaşı Aygün İbrahimova tədbir iştirakçılarını bu tarixi gün münasibətilə təbrik edərək Azərbaycanın dövlət bayrağının keçdiyi tarixi və şanlı yoldan, ulu öndər Heydər Əliyevin bayrağımıza tükənməz məhəbbətindən, yüksək diqqət və qayğısından danışıb.
Bildirilib ki, üçrəngli bayrağımıza ehtiram əlaməti olaraq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlətimizin başçısı İlham Əliyev 2009-cu il noyabrın 17-də bu günün təsis olunması ilə bağlı xüsusi Sərəncam imzalayıb. Bu gün üçrəngli bayrağımız milli suverenliyin rəmzi kimi Azərbaycan dövlətini və xalqını bütün dünyada qürurla təmsil edir.
Tədbirin sonunda Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx göstərilib və Mərkəzin rəsm studiyasının istedadlarının Azərbaycan bayrağına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi açılıb.
x x x
Lerik Rayon İcra Hakimiyyətində 9 noyabr - Dövlət Bayrağı Gününə və 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov lerikliləri əlamətdar bayramlar münasibətilə təbrik edib. Qeyd olunub ki, bu gün hər bir azərbaycanlı dövlət atributlarına - bayrağımıza, gerbimizə, himnimizə yüksək ehtiram göstərir və bunu özünün müqəddəs borcu hesab edir.
Bildirilib ki, Azərbaycan Respublikasının dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və ucaldılıb. 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib.
R.Bağırov çıxışında Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi ölkəmizdə geniş qeyd olunduğunu bildirib. O, 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasiminin keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın Dövlət Bayrağı Günü ilə bağlı məruzəsi dinlənilib.
Lerik rayon məhkəməsinin sədri Atabəy Kiçibəyov və təhsil şöbəsinin əməkdaşı Hüseynbala Əliyev çıxışlarında Azərbaycan Respublikasının dövlət bayrağının tarixi və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamız barədə ətraflı məlumat veriblər.