REGİONLAR
Cənub bölgəsində baharın gəlişi bayram sevinci ilə qeyd olunub
Astara, 19 mart, AZƏRTAC
Martın 19-da Astara şəhərindəki dənizkənarı park-bulvarda keçirilən Novruz bayramı tədbirində baharın gəlişi yüksək əhval-ruhiyyə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qruplarının üzvləri milli rəqslər ifa ediblər. İdmançıların çıxışları alqışlarla qarşılanıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Novruz tonqalını yandırıb.
Milli bayramımızın əsas pesonajlarından olan Bahar qız bayram xonçası ilə meydana daxil olaraq astaralıları Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini əks etdirən sərgilər, Kosa və Keçəlin məzhəkəli çıxışları bayram iştirakçılarına xoş ovqat bəxş edib.
X X X
Martın 19-da Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində Novruz şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram şənliyində rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizin nümunələri ilə tanış olublar.
Sonra bayram tonqalı yandırılıb. Dədə Qorqud Novruz şənliyinə toplaşanları salamlayaraq lənkəranlılara xeyir-dua verib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıların Novruz bayramını təbrik edib.
T.Qaraşov çıxışında milli-mənəvi dəyərlərimizin ən gözəl nümunələrindən olan, dostluq və həmrəylik rəmzi kimi qəbul edilən Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayramlardan olduğunu vurğulayaraq, bu bayramın hər bir ailəyə, hər kəndə, şəhərə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə canlı nəfəs verdiyini diqqətə çatdırıb.
Qara zurnanın müşayiəti ilə Bahar qız, Kosa və Keçəl faytonda meydana daxil olublar. İdmançılar “Cəngi” sədası altında güclərini sınayıblar.
Şənlik iştirakçıları tonqalın ətrafında rəqs edib, müğənnilərin ifasında el nəğmələri, Bahara və Novruza həsr olunmuş mahnılar səslənib.
Kosa və Keçəl tamaşaçılarla rəqs edib, idmançılar meydan qəhrəmanları ilə birlikdə tonqal üstündən atlanıblar.
Sonda şənlik iştirakçıları Lənkəran nemətlərindən - təcrübəli aşpazların manqal üstündə bişirdikləri təamlardan, həmçinin bayram şirniyyatlarından dadıb, məxməri, pürrəngi Lənkəran çayından içiblər.
X X X
Lerik şəhərindəki Heydər Əliyev Meydanında keçirilən Novruz şənliyində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Novruz bayramı münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Mərasimdə Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibətilə təbrik edib.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədov bayram tonqalını yandırıblar.
Bayram tədbirində çıxış edən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıblar.
Novruz tonqalı ətrafında rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin bədii özfəaliyyət kollektivlərinin çıxışları, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar mərasim iştirakçılarına xoş ovqat bəxş edib.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.
X X X
Cəlilabad Olimpiya İdman Kompleksində də Novruz bayramına həsr olunmuş şənlik keçirilib. Bayram şənliyində cəlilabadlılar doğma torpağa, elimizə, obamıza olan məhəbbət və sədaqətlərini nümayiş etdiriblər.
Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov bayram tonqalını yandırıb.
Mərasimdə Kosa və Keçəlin məzhəkəli oyunları bayram iştirakçılarına xoş ovqat bəxş edib. Milli paltar geyinmiş qızlar və oğlanlar meydanın mərkəzində şölələnən tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.
Bayram tədbirində rayonun idmançıları öz məharətlərini göstərib, bədii özfəaliyyət kollektivləri bayram konserti proqramı ilə çıxış ediblər.
Tədbir iştirakçıları, həmçinin el sənəti nümunələrindən ibarət sərgi, gənc rəssamların əl işləri ilə tanış olub, Novruz şirniyyatlarını dadıblar.
X X X
Yardımlı Mədəniyyət və İstirahət Parkında Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram mərasiminin iştirakçıları əvvəlcə milli adət-ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nümunələri ilə tanış olublar.
Yardımı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bayram tonqalını yandırıb.
Dədə Qorqud, Bahar qız və Novruzun personajları olan Kosa və Keçəl rayon sakinlərini bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Bayram mərasimində Kosa və Keçəlin məzhəkəli oyunları, idmançıların çıxışları meydana toplaşanlar tərəfindən maraqla qarşılanıb.
Tədbir konsert proqramı ilə davam edib.