CƏMİYYƏT
Cənub bölgəsində gənclər üçün yeni layihənin icrasına başlanılıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Lənkəranda fəaliyyət göstərən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyi cənub bölgəsində “Xoşbəxt ailələrdə vulqar ənənə riskləri” adlı layihənin icrasına başlayıb.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Azərbaycanda ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin vulqar ənənə (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) risklərindən qorunması istiqamətində onların ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə üçün ailə dəyərləri, əxlaq və etika normaları mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində noyabrın 6-dan 8-dək 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil olunacaq. Tədbirdə iştirak edən gənclərə sertifikatlar veriləcək.
Konfransda iştirak etmək istəyən gənclər MAGİYA-nın internet səhifəsində (www.epsaya.az) yerləşdirilən elektron ərizə formasını oktyabrın 24-dək göndərməlidirlər.