REGİONLAR
Cənub bölgəsində növbəti ictimai dinləmələr Astarada keçirilib
Astara, 16 iyul, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı növbəti ictimai dinləmə iyulun 16-da Astarada keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova və Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Astara Rayon İcra Hakimiyyətində keçirilən ictimai dinləmədə icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov rayonda insan hüquqlarının müdafiəsi və təbliği, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası istiqamətində görülən işlər barədə məlumat verib.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Astaranın özünəməxsus xüsusiyyətlərinin olduğunu, rayonda milli adət-ənənələrə böyük hörmətlə yanaşıldığını vurğulayan Ombudsman, bu dəyərlərin qorunub yaşadıldığını diqqətə çatdırıb.
Müstəqilliyimizin bərpa olunmasından ötən 25 ildə ölkəmizdə həyatımızın bütün sahələrində qazanılan nailiyyətlərdən danışan E.Süleymanova, aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qazandığı uğurları ordu ilə xalqın birliyinin məntiqi nəticəsi kimi dəyərləndirib.
Müzakirələrdə çıxış edən Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Ərçivan qəsəbə bələdiyyəsinin sədri İradə Rzayeva, Əsxənəkəran ərazi icra nümayəndəsi Səlahəddin Əliyev, şəhər 3 nömrəli tam orta məktəbin direktoru Rəna Məmmədova və başqaları insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlərdən söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Tədbir başa çatdıqdan sonra Ombudsman E.Süleymanova rayon polis şöbəsində müvəqqəti saxlama yerinə baş çəkərək burada yaradılan şəraitlə tanış olub, vətəndaşların müraciətlərini dinləyib.