REGİONLAR
Cənub bölgəsində qəbul imtahanlarında 2376 abituriyent iştirak edib
Lənkəran, 30 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 30-da Dövlət İmtahan Mərkəzi tərəfindən 2017/2018-ci tədris ili üçün ölkəmizin ali məktəblərinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında cənub bölgəsinin 2376 abituriyenti iştirak edib.
Dövlət İmtahan Mərkəzi Lənkəran regional bölməsinin müdiri Əbdüləhəd Bağırov AZƏRTAC-a bildirib ki, cənub bölgəsinin altı rayonundan - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabaddan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər beş mərkəzdə - Lənkəran şəhər 2, 3, 4 və 5 nömrəli, həmçinin Sütəmurdov kənd tam orta məktəblərində imtahan veriblər.
İmtahanların idarə olunmasına 19 imtahan rəhbəri, 197 nəzarətçi-müəllim cəlb edilib.
Saat 11:00-da başlayan və üç saat davam edən imtahan zamanı hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcək.