REGİONLAR
Cənub bölgəsinin 128 yazarından seçmələr bir kitabda
Astara, 11 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Astara rayonunun Şiyəkəran kənd tam orta məktəbində keçirilən konfransda “Azərbaycan-ümumi evimiz, doğma Vətənimizdir” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri, yazıçı-publisist Hacı Nərimanoğlunun mövzu ilə bağlı məruzəsi dinlənilib.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsinə uyğun olaraq təşkil edilən tədbirdə ölkəmizin cənub regionunda doğulub ədəbi yaradıcılıqla məşğul olan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” adlı kitabın təqdimatı da olub.
Çıxışlarda ölkəmizdə yaşayan etnoslar arasında multikultural, tolerant, həmrəylik münasibətlərinin hökm sürdüyü bildirilib, ilk dəfə olaraq belə formatda nəfis tərtibatlı, yüksək poliqrafik üslubda buraxılmış toplunun bölgə yazarlarına dəyərli hədiyə olduğu vurğulanıb.
Azərbaycan və talış dillərindəki ədəbi nümunələrdə Azərbaycan, Vətən, torpaq məhəbbəti, şəhidlərə hörmət, dünyaya, insana sevgi, nəcib insani duyğuları tərənnüm edən şeir, hekayə və esselərin əsas yer tutduğu qeyd olunub.
Tədbir iştirakçısının hər birinə QHT tərəfindən kitab və cənub bölgəsinin tarix, mədəniyyət, iqtisadiyyat, məişət və turizminə dair audio-video disklər hədiyyə edilib.