REGİONLAR
Cənub bölgəsinin tarixi məkanları ilə tanışlıq Şəki məktəblilərinin ürəyincə olacaq
Şəki, 13 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki rayonunun məktəbliləri noyabrın 13-də səhər saatlarında Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları ilə bir gün əvvəl Heydər Əliyev Mərkəzində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, “Ölkəmizi tanıyaq” layihəsinin mühüm əhəmiyyət daşıdığını, tur-aksiyaların məktəblilərə ölkəmizin müxtəlif bölgələri, oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə yaxından tanış olmaq imkanı yaratdığını bildirib. Layihənin əvvəlki mərhələlərində qədim Şəki diyarının Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan minlərlə məktəblini qəbul etdiyini vurğulayan icra hakimiyyətinin başçısı tur-aksiyanın indiki mərhələsində də Şəkiyə respublikamızın 18 rayonundan 800-dək məktəblinin gələcəyini diqqətə çatdırıb.
Bildirilib ki, cənub bölgəsinə səyahət zamanı məktəblilər Lənkəran, Masallı və Astara rayonlarında Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər.
Şəki məktəblilərini yola salmaq üçün Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan şəhər icra hakimiyyətinin rəsmiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı istirahət arzulayıblar.
Şəki şəhərindəki 19 nömrəli tam orta məktəbin şagirdi Fatimə Həsənova, 10 nömrəli tam orta məktəbin şagirdi Çələbi Babayev və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.
Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.