DÜNYA
Cənubi Afrika Respublikasında vergi sistemi
Bakı, 26 dekabr, AZƏRTAC
Cənubi Afrika Respublikasında 3-ü əmək, 2-si gəlir, digər 4-ü isə başqa sahələrlə bağlı 9 vergi növü mövcuddur. Gəlir vergisi – 30 faiz, ƏDV – 14 faiz təşkil edir.
AZƏRTAC xarici saytlara istinadla bildirir ki, CAR-ın vergi sistemi ərazi mənbələrinə əsaslanır. Bütün vergilər yalnız “daxili” mənbələr üzrə ödənilir. Hər şey ona əsaslanır ki, bu ölkədə CAR ərazisindən kənarda əldə edilən heç bir gəlir vergiyə cəlb olunmur. Bu həm rezidentlərə, həm də qeyri-rezidentlərə şamil olunur.
Adətən CAR hüdudlarından kənarda yaşayan fiziki şəxslər və bu Afrika ölkəsindən kənarda idarə olunan və nəzarət edilən hüquqi şəxslər dövlət səhmləri və qiymətli kağızları üzrə faizlər əldə ediblərsə, vergi ödəmirlər. Bundan əlavə, bu ölkənin ərazisindən kənarda minimum 183 gün yaşayan CAR vətəndaşları da həmin faizlərdən vergi ödəmirlər.
Maraqlıdır ki, Cənubi Afrika Respublikasında əməkhaqqı heç də pis deyil. Belə ki, CAR-da xarici dil müəllimi ayda 1268 ABŞ dolları qazanır. Ümumiyyətlə, təhsil sahəsində aylıq maaşlar 1500 dollar təşkil edir. Həkimlər 2271 dollar, mühasibat sahəsində çalışanlar isə 2295 dollar əməkhaqqı alırlar.