MƏDƏNİYYƏT


Cənubi Amerika inqilabı və Asiya kinosu

Bakı, 3 dekabr, Məmməd Məmmədli, AZƏRTAC

Əgər 1960-cı illər Avropanın siyasi, sosial və mədəni həyatında dönüş yaratdısa, bu dəyişikliklər Latın Amerikasından da yan keçmədi. Kino dünyasında sözügedən onillikdə Braziliyada “cinema novo” yetişməyə başladı. İtaliya neorealizminin təsirindən yaranan bu cərəyan aclıq, zorakılıq və var-dövlətin bölüşdürülməsi zamanı yaşanan ədalətsizlik problemlərindən bəhs edən qısametrajlı realist lentlərilə kommersiya istehsallarına qarşı müqavimət göstərmək istəyirdi. Nelson Pereira Dos Santosun “Vidas secas” və Ruy Qerranın “Los fusiles” ekran əsərləri cərəyanın iki nümunəsi kimi götürülə bilər. Ancaq cərəyanın əsl lideri və onilliyin braziliyalı kinoşünası kimi tanınan Qlauber Roşa olub. O, qəzetçi, tənqidçi, prodüser, böyük coşqu ilə qarşılanan “Barravento”, “Terra en transe” və “Antonio das Mortes” lentlərin müəllifi kimi yadda qalıb. 1968-ci ildə Braziliyada hökmranlıq edən hərbi diktatura “cinema novo”nu iflic edəndən sonra onun bir çox nümayəndələri ölkəni tərk etdilər.

Amerikanın digər Cənub regionlarında mədəniyyət, folklor mövzularından bezmiş rejissorlar öz xalqlarının daxili dünyasını daha real bir şəkildə əks etdirən təsvirləri önə çəkməyə çalışırdılar. Bu fəaliyyət, sözün əsl mənasında, mədəni və sosial inqilaba yol açdı. Beləliklə, inqilabçı Kubada Tomas Qutierres Alea “Memorias del subdesarrollo” filmi ilə əsl şok yaratdığı bir vaxta bolivialı Xorxe Sanxines hinduların durumunu nümayiş etdirən “La sangre del cóndor” ekran əsəri ilə tozu göyə sovurdu.

Avropada olduğu kimi, “Hollywood” studiyaların sistemini təkzib edən bütün bu öncül cərəyanlar əsasən cavan kino işçilərindən ibarət idi və kino sənayesinə tənqidi yanaşaraq, hətta tələb edərək yenilik gətirmək istəyirdilər. Misal üçün Argentinada Leopoldo Torres Nilsson “Fin de fiesta”, “Piel de verano”, “La terraza” kimi vacib filmlərin üzərində işləyəndə ölkədə diqqət çəkən adlar da peyda oldu – “La Raulito” filmini çəkəcək rejissor Lautaro Murua, Leonardo Favio, Fernando Birri və gizli şəkildə “La hora de los hornos” filmini çəkən Fernando E. Solanas. Meksikada bir çox rejissorlar kiçik layihələr üzərində işləyərək böyük kino sənayesi ilə yarışırdılar. Felipe Kazals özünün “La manzana de discordia” prima operası ilə “incəsənət və esse” janrına yaxınlaşırdı; Arturo Ripşteyn “La hora de los niños” səssiz filmində böyük təcrübə göstərdi; Pol Leduk isə “Reed” ekran əsərində yerli mövzulara toxunmadan bir əhvalata yeni nəzərlərlə baxdı. Çilidə dövlət çevrilişi zamanı Salvador Ayende hakimiyyətə gələndə Raul Ruizin “Tres tristes tigres”, Migel Littinin “El chacal de Nahueltoro”, Çarlz Elsesserin “Los testigos” filmləri ilə elə bil yeni kino yuxudan oyandı.

Latın Amerikası kinosunun inqilabi, tənqidi və ciddi təklifləri öz bəhrəsini verə bilərdi. Təəssüf ki, onillik boyu ölkələrin çoxunda diktator rejimi toxumu səpilirdi ki, bu da incəsənətin azad şəkildə özünüifadəsinə maneə yaradırdı. Bir çox kinostudiyalar da ənənəvi sistemlərini qoruyub saxlamaqdan ötrü ötən illərin bayağı mövzularına yenidən müraciət etməli olurdular.

“Yeni dalğa” fenomeninin əks-sədası Asiya kinosunda da eşidildi. Kino istehsalını kölə halına salan televiziyaya müqavimət göstərən Yaponiya sənayesini dirçəltmək üçün yeni istedadlara güvənməli idi. Görkəmli rejissorlardan biri, “Cuento cruel de juventud”, “El muchacho”, “La ceremonia” sonradan isə “El imperio de los sentidos” filmlərini yaradan Nagisa Osima idi. İranın kəşf edilməyən kinematoqrafiyası isə Dariuş Mehrcuyun “La vaca” və Pərviz Kimiavinin “Los mongoles” ekran əsəri ilə tanınır ki, müəllif bu filmdə Jan-Luk Qodarda öz heyranlığını gizlətməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.