CƏMİYYƏT


Cənubi Çexiya regionu İsmayıllı rayonunda tiblə bağlı layihə həyata keçirmək təşəbbüsü ilə çıxış edib

Praqa, 5 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının İsmayıllı rayonu ilə Çex Respublikasının Cənubi Çexiya regionu arasında regionlararası əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ötən il ərzində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi ilə nümayəndə heyətinin Çexiyaya, habelə Cənubi Çexiya regionunun Qluboka na Vltave şəhərinin meri, senator Tomas Yirsanın rəhbərlik etdiyi nümayəndə heyətinin İsmayıllıya səfərləri baş tutub.

Cənubi Çexiya regionu ilə İsmayıllı rayonu arasında imzalanmış əməkdaşlıq xartiyası çərçivəsində hazırda tərəflər arasında gündəmdə olan bir sıra aktual layihələr müzakirə olunur. Qarşılıqlı maraq kəsb edən layihələrdən biri də Çexiya tərəfindən İsmayıllıda tibb mərkəzinin yaradılması təklifidir. Bu təşəbbüs İsmayıllıda tibb mərkəzinin, xüsusilə də kardiologiya və ürək cərrahiyyəsi üzrə mərkəzin yaradılmasını, tam funksional mərkəz qurularaq, tibb sahəsində çex və Azərbaycan mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsinin və ixtisas təlimlərinin keçirilməsini ehtiva edir. Artıq layihədə Çexiya tərəfindən çıxış edəcək tərəfdaşlar müəyyən olunub.

Hazırda layihə Azərbaycan tərəfindən baxılır və müzakirələrin aparılması məqsədilə Çexiya nümayəndə heyətinin aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılıb. Layihənin gerçəkləşəcəyi təqdirdə İsmayıllı rayonunda Avropa standartlarına uyğun kardiologiya və ürək cərrahiyyəsi mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.