DÜNYA
Cənubi Koreya KXDR-in qısamənzilli raketlərini havada məhv edə biləcəyini açıqlayıb

Pekin, 30 mart, AZƏRTAC
Cənubi Koreyanın Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) ortamənzilli raketlərini havada məhv etmək imkanına malik olduğunu bəyan edib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, nazirliyin rəsmisi Bu Sunq-çanın bu bəyanatı Şimali Koreyanın sonuncu raket testlərindən sonraya təsadüf edir. Belə ki, ötən həftə Şimali Koreya təxminən birillik fasilədən sonra 2 qısamənzilli raket, ondan bir neçə gün əvvəl isə 2 qanadlı raket buraxılışı həyata keçirib.
“Rəsmi Seul Cənubi Koreya-ABŞ raketdən müdafiə sistemləri ilə KXDR-in bütün qısamənzilli raketlərini, o cümlədən ballistik raketlərini havada məhv etmək imkanına malikdir”, - deyən Müdafiə Nazirliyinin rəsmisi əlavə edib ki, ölkənin silahlı qüvvələri Şimali Koreyanın sahib olduğu raketlərin imkanları barədə müxtəlif mənbələrdən əldə edilən məlumatları təhlil edir. Cənubi Koreya Pxenyanın son dəfə buraxdığı qısamənzilli raketlərin 450 kilometr, Pxenyan isə 600 kilometr uçduğunu iddia edir.
Qeyd edək ki, KXDR martın 25-də 2 yeni taktiki idarəolunan raket buraxılışı sınağı keçirdiyini açıqlayıb. Ölkənin rəsmi mətbuatı Müdafiə Elmləri Akademiyasının həyata keçirdiyi sınağın hədəflənən nəticələri verdiyini, təkmilləşdirilmiş raketin döyüş başlığı daşımaq imkanının 2,5 tona çatdırıldığını və raketlərin 600 kilometr məsafə qət etdiyini yazıb. Bəzi ekspertlər Şimali Koreyanın yanvar ayında Pxenyandakı hərbi paradda nümayiş etdirdiyi və Rusiya “İskəndər”ini xatırladan KN-23 raketinin modernləşdirilmiş versiyasını sınaqdan keçirdiyini güman edirlər.