DÜNYA
Cənubi Koreya Prezidenti sabiq nazir Kim Bu-kyumu Baş nazir vəzifəsinə namizəd irəli sürüb
Pekin, 16 aprel, AZƏRTAC
Cənubi Koreyanın Prezidenti Mun Ce-in dörd dəfə parlamentə deputat seçilmiş, 2017-2019-cu illərdə daxili işlər və təhlükəsizlik naziri vəzifəsində işləmiş Kim Bu-kyumun Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın prezident ofisi açıqlama yayıb. Cənubi Koreyanın qanunverici orqanı 62 yaşlı Kim Bu-kyumu Baş nazir vəzifəsinə təsdiqləməlidir.
Məsələ ilə bağlı mətbuata açıqlama verən Kim Bu-kyum Baş nazir təyin olunacağı təqdirdə, bütün gücünü ilkin olaraq ölkənin COVID-19 böhranının öhdəsindən gəlməsinə və əhalinin rifahının yüksəlməsinə yönəldəcəyini bildirib. O, müxalifətdən olan qüvvələrlə də əməkdaşlıq etməyə hazır olduğunu deyib.
Cənubi Koreya Prezidenti Torpaq, İnfrastruktur və Nəqliyyat, Ticarət, Sənaye və Enerji, Okean və Balıqçılıq nazirliklərinin yeni rəhbər namizədlərini də açıqlayıb, bundan başqa, administrasiyada bəzi vəzifələrə yeni təyinatlar həyata keçirib. Onların çoxu siyasətçi yox, ixtisaslı kadrlardır.
Əvvəlki Baş nazir Çunq Sye-kyun 15 aylıq fəaliyyətindən sonra istefa verib. Onun 2022-ci ildə prezident seçkilərində iştirak edəcəyi barədə xəbərlər yayılıb.
Siyasi şərhçilər Prezident Mun Ce-inin hökumətdə və administrasiyada bu cür dəyişikliklərə getməsinin hakim Demokrat Partiyasının paytaxt Seulda və ölkənin ikinci ən böyük şəhəri olan Pusanda mer seçkilərində məğlubiyyəti fonunda ictimaiyyət arasında azalan nüfuzunu gələn il keçiriləcək prezident seçkiləri öncəsi bərpa etməyə yönəldiyini bildirirlər. Sonuncu rəy sorğusuna əsasən, Mun Ce-inin xalq arasında nüfuzu rekord həddə aşağı enib (30 faiz).
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin