DÜNYA
Cənubi Koreya əhalisinin 60 faizi KXDR-lə birləşməyin tərəfdarıdır
Bakı, 2 oktyabr, AZƏRTAC
Koreya Respublikası əhalisinin təxminən 60 faizi Cənub və Şimalın birləşməsinin vacib olduğunu düşünür.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Seul Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Birlik və Sülh Mərkəzinin dərc etdiyi ictimai rəy sorğusunda əksini tapıb.
Respondentlərin 59,8 faizi Cənubi və Şimali Koreya dövlətlərinin birləşməsinin vacibliyi barədə suala müsbət cavab verib: bu, tarixdə ikinci koreyalararası sammitin keçirildiyi 2007-ci ildən bəri ən yüksək göstəricidir. Rəyi soruşulan insanların 45,1 faizi Koreya xalqının birliyini, 31,4 faizi müharibə təhlükəsinin aradan qaldırılmasını, 12,9 faizi isə vahid Koreyanın inkişaf etmiş ölkəyə çevrilməsini birləşmə üçün əsas səbəblərdən biri kimi görür.
Birləşmənin əleyhinə çıxan cənubi koreyalıların 34,6 faizinin fikrincə, bu, böyük iqtisadi xərclərə və sosial problemlərin artmasına səbəb olacaq.
Respondentlərin yarıdan çoxu hesab edir ki, birləşmə bütün Cənubi Koreya cəmiyyətinə müsbət təsir göstərəcək. Bununla yanaşı, rəyi soruşulanların 64,4 faizi Koreya Respublikası hökumətinin Şimali Koreya siyasətini bəyəndiyini bildirib.
Qeyd edək ki, 2018-ci ildə artıq üç koreyalararası sammit keçirilib. Həmçinin KXDR lideri Kim Çen Inın dekabr ayında tarixdə ilk dəfə Seula səfər edəcəyi gözlənilir.