DÜNYA
Cənubi Koreya koronavirusa yoluxma üzrə antirekordunu yeniləyib
Pekin, 28 yanvar, AZƏRTAC
Cənubi Koreyada ötən sutka ərzində COVID-19 virusuna 16 min 96 yoluxma qeydə alınıb. Bu, ölkə üçün yeni antirekorddur. Ardıcıl 4 gündür ki, ölkədə COVID-19 virusuna yoluxmada antirekord qeydə alınır.
AZƏRTAC Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yoluxanların sayının sürətlə çoxalmasına səbəb yoluxuculuq xüsusiyyəti dəfələrlə yüksək olan “omikron” ştamının yayılmasıdır. Cənubi Koreyada “omikron” artıq dominant ştama çevrilib. Yoluxanların sayının çoxalmasına baxmayaraq, ağır xəstələrin sayında azalma müşahidə olunur.
Bəzi ekspertlər sutkalıq yoluxma sayının yaxın günlərdə 100 minə çatacağı barədə bədbin proqnozlar verirlər. Əslində ekspertlər bu proqnozu bir neçə gün əvvəl – sutkalıq yoluxma sayında artımın müşahidə olunduğu günlərdə vermişdilər. Ölkədəki son günlərin yoluxma dinamikası ekspertlərin proqnozunun reallaşacağını göstərir.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yanvarın 26-dan etibarən koronavirusla mübarizə üzrə yeni sistem işə salıb. Bu sistem əsasən yaşlı insanlar da daxil olmaqla xüsusi risk qrupundan olan “omikron” pasiyentlərin erkən aşkarlanması və müalicəsini əhatə edir. Bundan başqa, ev şəraitində müalicə alan vaksin olunmuş pasiyentlərin karantin müddəti 7 günə endirilib. Yoluxmuş şəxslərlə yaxın təmasda olmuş peyvəndlənmiş şəxslər karantinə cəlb olunmayacaq, yalnız test verəcəklər. Ölkə üzrə test məntəqələrinin sayı da çoxaldılıb.
Paralel olaraq, COVID-19 virusuna qarşı vaksinasiya prosesi davam edir. Əhalinin 85,6 faizi hər iki doza peyvəndi, 51,4 faizi isə buster dozanı qəbul edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin