QAN YADDAŞI


Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub

Bakı, 15 yanvar, AZƏRTAC

Koreya Respublikasının nüfuzlu “The Korea Times” və “The Korea Herald” qəzetləri 1990-cı ildə Bakıda baş verən Yanvar hadisələrindən bəhs edən məqalələr yayıblar.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan müstəqillik mübarizəsində ölənləri yad edir” və “Azərbaycan 1990-cı il qanlı Yanvar şəhidlərini xatırlayır” adlı məqalələrdə keçmiş sovet dövlətinin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əmri ilə azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün törədilən cinayətkar əməllərdən bəhs edilir. Bildirilir ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş sovet qoşun birləşmələrinin törətdikləri qətllər zamanı uşaqlar, qadınlar, yaşlı insanlar daxil olmaqla, 147 mülki vətəndaş öldürülüb, 5 nəfər itkin düşüb, təxminən 800 nəfər yaralanıb, bir o qədər sakin qanunsuz həbs edilib.

Koreya qəzetləri yazır ki, sovet qoşunlarının həmin əməliyyatı bir çox beynəlxalq konvensiya və sənədin tələblərini pozub.

Yazılarda həmin qanlı hadisələrin Azərbaycan xalqının azadlıq arzusunu boğa bilmədiyi vurğulanır, 1991-ci ilin oktyabrında Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi vurğulanır. Bildirilir ki, o vaxtdan bəri Azərbaycan xalqı hər il yanvarın 20-də azadlıq və müstəqillik yolunda qurban gedənlərin xatirəsini ehtiramla yad edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.