Cənubi Koreya və ABŞ “Freedom Shield” təlimlərinə başlayıb
AzerTAg.az

Bakı, 13 mart, AZƏRTAC
Cənubi Koreya və ABŞ martın 13-də “Freedom Shield” komanda-qərargah təlimlərinə başlayıb. Birgə təlimləri miqyaslı “Warrior Shield” manevrləri müşayiət edəcək.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, kompüter simulyasiyasına əsaslanan “Freedom Shield” komanda-qərargah təlimlərində nüvə-raket təhdidləri nəzərə alınmaqla, KXDR-in hücumunun qarşısının alınması, əks-hücum və Şimali Koreyada vəziyyətin “sabitləşdirilməsi kampaniyası” ssenarisi üzərində işlər aparılacaq. Təlimlər martın 23-dək fasiləsiz davam edəcək.
Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinin məlumatına görə, müştərək təlimlər müdafiə xarakteri daşıyır və Şimali Koreyanın mümkün təcavüzünə qarşı operativ müdafiə planlarına əsaslanır.
“Freedom Shield” təlimləri ilə paralel olaraq dəniz desantının çıxarılmasının da daxil olduğu 20-yə yaxın çöl təlimini birləşdirəcək “Warrior Shield” manevrlərinə də start veriləcək. Seul martın sonlarında Birləşmiş Ştatların “Nimitz” tipli atom təyyarədaşıyan gəmisinin manevrlərə qoşula biləcəyini bildirib. Pxenyan isə təlimlərə cavab olaraq martın 12-də sualtı qayıqdan iki strateji qanadlı raket buraxıb.
Xəbərin mətnində orfoqrafik səhv var