DÜNYA
Cənubi Koreya və ABŞ hərbçilərin saxlanma xərcləri barədə kompromisə gəlib
Bakı, 4 fevral, AZƏRTAC
Cənubi Koreya və ABŞ Koreya yarımadasının cənubunda yerləşdirilən Amerika qoşunlarının saxlanma xərclərinin bölünməsi barədə sazişi artıq bu həftə imzalaya bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, diplomatik mənbənin məlumatına görə, tərəflər “bu məsələ üzrə razılaşmanın olmadığı vəziyyətin” uzanmasını qənaətbəxş hesab etməyiblər. “Cənubi Koreya və ABŞ nümayəndələri fikir ayrılıqlarının aradan qaldırılması üzərində aktiv iş aparır, məsələ artıq bu həftə həll oluna bilər”, - deyə diplomat bildirib.
Seul və Vaşinqton bu günə qədər saziş üzrə işçi danışıqlarının 10 raundunu keçirib. Mübahisə doğuran əsas məsələ Cənubi Koreya tərəfinin xərclərinin həcmi və sazişin müddətindən ibarətdir. KBS telekanalının məlumatına əsasən, ABŞ maliyyə məsələsində güzəştə getməyə məcbur olub. Bundan öncə Amerika tərəfi Cənubi Koreyadan 1-1,2 milyard dollar tələb edirdi, ötən il isə Seulun xərcləri 860 milyon dollar olmuşdu. Tərəflərin razılığa gələcəyi təqdirdə həmin məbləğ yalnız 5 faiz artırılacaq.
Cənubi Koreya da öz növbəsində sazişin müddətinin 5 ildən 1 ilədək azaldılmasında israr edən ABŞ-a bu məsələdə güzəştə getmək niyyətindədir.