DÜNYA


Cənubi Koreya və KXDR sərhəd rayonunda 20 mühafizə postunun sökülməsi prosesini başa çatdırır

Bakı, 29 noyabr, AZƏRTAC

Koreya Respublikası və KXDR noyabrın 30-na qədər hər iki ölkənin sərhədində 20 gücləndirilmiş mühafizə postunun sökülməsi prosesini başa çatdıracaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çhve Hön Su jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib.

Onun sözlərinə görə, demilitarizasiya zonasının bəzi rayonlarının minalardan təmizlənməsi prosesi də uğurla davam edir.

Bir müddət bundan öncə Seul və Pxenyan gərginliyin azaldılması və təsadüfi toqquşmaların qarşısının alınması məqsədilə Phanmuncom məntəqəsi rayonunda 10 blokpostu sökmək barədə razılıq əldə edib.

Çhorvona rayonunda neytral zolağın minalardan təmizlənməsi işləri isə cari ilin oktyabr ayında başlayıb.

Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında hər iki ölkənin müdafiə nazirləri koreyalararası sərhəddə hərbi gərginliyin azaldılması və qarşılıqlı etibarın möhkəmlənməsi istiqamətində saziş imzalayıb.

Sazişdə birləşmiş təhlükəsizlik zonasında tərəflərin tam tərksilah olunması, sərhəd rayonunda hərbi texnika üçün qadağan olunmuş zonaların yaradılması, sərhədyanı rayonlarda iri hərbi manevrlərin və artilleriya təlimlərinin qadağan edilməsi nəzərdə tutulur. Tərəflər, həmçinin demilitarizasiya zonasında 1950-1953-cü illərdə baş verən Koreya müharibəsi zamanı həlak olan hərbçilərin cəsədlərinin qalıqlarının axtarışlarının müştərək həyata keçirilməsini də planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.