DÜNYA


Cənubi Koreyada COVID-19 virusuna yoluxmada yeni antirekord qeydə alınıb

Pekin, 22 iyul, AZƏRTAC

Ötən sutka Cənubi Koreyada COVID-19 virusuna 1842 yoluxma aşkarlanıb. Ardıcıl 2 gündür ki, sutkalıq yoluxma sayında antirekord qeydə alınır.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi yeni yoluxma halları arasında hərbi dəniz qüvvələrinə aid bölmənin 207 hərbçisinin olduğunu açıqlayıb. Bundan başqa, ilk dəfə olaraq, xaricdən gələnlər arasında sutkalıq yoluxma sayı 100-ü ötüb.

Pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu Cənubi Koreyada iyulun 7-dən bəri sutkalıq yoluxma sayı 1000-dən çox olub. Əsas yoluxma ocaqları paytaxt Seul və ətraf ərazilər olsa da, son günlər ölkənin digər bölgələrində də yoluxmalar sürətlə çoxalır. Ölkədə yeni növ koronavirusun daha təhlükəli ştamı olan “delta”nın yayılması da təşviş yaradıb. Belə ki, ötən həftə ərzində yoluxanların 76 faizində “delta” ştamı aşkarlanıb. Bundan başqa, əvvəlki dalğalardan fərqli olaraq, bu dəfə yoluxanlar arasında 20-30 yaşda olanların sayının çoxalması da ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, virusa yoluxmaların çoxalması hökuməti iyulun 12-dən paytaxt Seul və ətraf ərazilərdə, Qyonqci vilayətində və İnçon şəhərində 2 həftəlik ən yüksək səviyyədə karantin rejimi tətbiq etməyə vadar edib. İyulun 19-dan isə ölkənin digər bölgələrində karantin rejimi sərtləşdirilib.

Səlahiyyətli qurumlar yoluxmaların çoxalması fonunda karantin rejiminin uzadılmasını düşünür.

Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya prosesi də davam edir. Hökumət noyabr ayınadək əhalinin 70 faizdən çoxunu peyvəndləməyi və bununla kütləvi immunitetin yaranmasını hədəfləyib. İndiyədək 52 milyonluq əhalinin 32,3 faizi peyvəndin birinci dozasını qəbul edib, 6,7 milyon nəfər isə tam peyvənd olunub. Vaksinasiyada ikidozalı “AstraZeneca”, “Pfizer” və “Moderna”, habelə birdozalı “Janssen” peyvəndlərindən istifadə olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.