DÜNYA


Cənubi Koreyada COVID-19 virusuna yoluxmaların çoxalması narahatlıq doğurub

Pekin, 16 iyul, AZƏRTAC

Cənubi Koreyada ötən sutka COVID-19 infeksiyasına 1536 yoluxma aşkarlanıb. Artıq 10 gündür yoluxanların sayı 1000-dən çox, 3 gündür isə sutkalıq yoluxma sayının 1500-dən çox olması hökumətdə və ictimaiyyətdə narahatlıq doğurub. Güman olunur ki, yay tətili dövründə sutkalıq yoluxmalar daha da çoxala bilər.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Cənubi Koreyanın 51,3 milyon əhalisinin təxminən yarısının məskunlaşdığı və əsas virus ocaqları olan paytaxt Seul və ətrafında iyulun 12-dən etibarən ən yüksək səviyyədə sosial məsafə rejimi tətbiq olunur. Son günlər yoluxmaların əhəmiyyətli dərəcədə çoxalması səbəbindən iyulun 15-dən bir neçə bölgə də məhdudiyyətlər sərtləşdirilib. Saat 18:00-dan sonra 2 nəfərdən çox insanın toplaşması, əyləncə mərkəzlərinin fəaliyyəti, idman oyunlarının təşkili qadağan edilib, kafe və restoranlar isə saat 22:00-dək işləyə bilir.

Baş nazir Kim Boo-kyum sutkalıq yoluxmaların azalmayacağı təqdirdə daha yüngül məhdudiyyətlərin tətbiq olunduğu bölgələrdə karantin rejiminin sərtləşdiriləcəyini açıqlayıb.

Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi ölkədə yeni növ koronavirusun daha təhlükəli ştamı olan “delta”nın yayılmasından narahatdır. Səlahiyyətli qurumlar iyulun sonunadək sutkalıq yoluxma sayının təxminən 2 dəfə artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya prosesi də davam edir. Hökumət noyabr ayınadək əhalinin 70 faizdən çoxunu peyvəndləməyi və bununla kütləvi immunitetin yaranmasını hədəfləyib. İndiyədək ölkə əhalisinin 30,3 faizi (15,9 milyon nəfər) peyvəndin birinci dozasını, 12,3 faizi isə ikinci dozasını qəbul edib. Vaksinasiyada ikidozalı “AstraZeneca”, “Pfizer” və “Moderna”, habelə birdozalı “Janssen” peyvəndlərindən istifadə olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.