DÜNYA
Cənubi Koreyada dəmir yolu işçiləri maaşların artırılmasını tələb edir
Pekin, 20 noyabr, AZƏRTAC
Cənubi Koreyanın dəmir yolu işçiləri maaşların artırılması və daha çox adamın işə götürülərək iş yükünün azaldılmasını tələb edirlər.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, dəmir yolu işçilərinin həmkarlar komitəsinin müvafiq dövlət qurumları ilə danışıqları nəticə vermədiyindən, noyabrın 20-dən ümumi tətil elan edilib.
Tətil dəmir yolu ilə sərnişin və yük daşınmasına böyük dərəcədə mənfi təsir göstərib. Bura şəhərlərarası dəmir yolu nəqliyyatı və sürətli sərnişin qatarlarının hərəkəti də daxildir. Bəzi istiqamətlərdə cədvəl üzrə nəzərdə tutulan qatarların yarıdan da azı xəttə çıxıb.
Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi tətil günlərində dəmir yolu təsərrüfatında fasilələrin yaranmaması üçün əvəzedici işçiləri və hərbçiləri səfərbər edib. Bundan başqa, sərnişinlərə və yük şirkətlərinə digər nəqliyyat növlərinin xidmətlərindən istifadə etmək tövsiyə olunub.
Qeyd edək ki, Cənubi Koreyanın dəmir yolu işçilərinin həmkarlar komitəsi ötən ay keçirilmiş 72 saatlıq tətildə irəli sürülən eyni tələblərin yerinə yetirilməməsi səbəbindən bu dəfə ümumi tətil elan edib. Bu, dəmir yolu işçilərinin 2016-cı ilin sentyabr-dekabr aylarına təsadüf edən 74 günlük tətilindən sonra ilk müddətsiz tətildir.
Həmkarlar komitəsi maaşların 4 faiz yüksəldilməsini və təxminən 4 min nəfərin dəmir yolu təsərrüfatında işə götürülməsini tələb edir. Koreya dəmir yolları korporasiyası (KORAIL) həmkarlar ittifaqı ilə bir müddətdir ki, məsələ ilə bağlı danışıqlar aparır. KORAIL gələn il 1800 yeni işçinin işə götürülməsini və bununla da əməkdaşların iş yükünün azaldılmasını nəzərdə tutub. Amma həmkarlar ittifaqı 4 min nəfərin işə qəbuluna təkid edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin