DÜNYA


Cənubi Koreyada əsas müxalifət partiyasının nümayəndəsi parlamentin sədri seçilib

Pekin, 4 iyul, AZƏRTAC

Cənubi Koreyada əsas müxalif qüvvə olan Demokrat Partiyasının nümayəndəsi Kim Cin-pyo ölkə parlamenti Milli Assambleyasının sədri seçilib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, qanunverici orqanın rəhbəri vəzifəsinə seçkinin keçirilməsi hakim Xalqın Gücü Partiyası və əsas müxalif qüvvə olan Demokrat Partiyası arasında razılaşmanın əldə olunması ilə mümkün olub. Ölkə parlamentinə 5 dəfə deputat seçilmiş Kim Cin-pyo 2024-cü ilin mayınadək Milli Assambleyaya sədrlik edəcək. Onun biri hakim, digəri isə müxalifətdən olan 2 müavini də seçilib.

Kim Cin-pyo Milli Assambleyanın sədri kimi ilk çıxışında tərəfləri parlament komitələrinin tərkibinin müəyyənləşdirilməsinə dair danışıqları tezliklə yekunlaşdırmağa çağırıb.

Qeyd edək ki, əsas müxalif qüvvə olan Demokrat Partiyası parlamentdə 299 yerdən 170-nə sahibdir. Hakim və müxalifət partiyaları arasında parlamentin sədri vəzifəsinə namizədin müəyyən edilməsi ilə bağlı fikir ayrılıqları səbəbindən qanunverici orqan bir aydır başsız qalmış, komitələrin tərkibinin formalaşdırılması mümkün olmamışdı. Bu da öz növbəsində qanunvericilik prosesinin və Nazirlər Kabineti üzvlərinin parlamentdə təqdimatının ləngiməsinə səbəb olmuşdu.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.