DÜNYA


Cənubi Koreyada karantin tədbirləri sərtləşdirilir

Pekin, 17 noyabr, AZƏRTAC

Cənubi Koreyada son günlər COVID-19 virusuna yoluxma hallarının çoxalması hökuməti karantin tədbirlərini sərtləşdirməyə vadar edib.

AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, yoluxma hallarının daha çox qeydə alındığı paytaxt Seul və ətrafında, habelə Kyongi vilayətində karantin tədbirləri bir mərhələ yuxarı səviyyəyə qaldırılıb. Noyabrın 19-dan başlayaraq 2 həftə qüvvədə olacaq yeni karantin rejimində kütləvi toplantılara və qapalı məkanlardakı adam sayına məhdudiyyət qoyulacaq. Kafe və restoranlarda müştərilər arasında ən azı 1 metr məsafə saxlanılmalı, şagirdlərin ən çoxu üçdəikisinin siniflərdə keçirilən dərslərdə iştirakına, dini ibadət məkanlarında isə onların ziyarətçi sayının ən çoxu 30 faizinin iştirakına icazə veriləcək.

Epidemioloji vəziyyətin gedişindən asılı olaraq karantin tədbirlərinin daha da sərtləşdirilməsi istisna olunmur.

Səhiyyə naziri Park Neunq-hu koronavirusun ölkə əhalisinin təxminən yarısının yaşadığı paytaxt və ətrafından kənara çıxmasının qarşısını almaq üçün karantin tədbirlərinin sərtləşdirilməsinin vacib olduğunu deyib. Qərarın qəbulunda dekabrın 3-də ali məktəblərə qəbul imtahanında iştirak edəcək 493 min abituriyentin təhlükəsizliyinin təmin olunması da nəzərə alınıb.

Qeyd edək ki, ardıcıl 4 gündür Cənubi Koreyada COVID-19-a yoluxma sayı 200-dən çox olub. Səhiyyə mütəxəssisləri kafe, restoran, iş mərkəzləri və qapalı idman zallarının virusun əsas yayılma yerləri olduğunu güman edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.