CƏMİYYƏT
Cənubi Koreyada koronavirusa yoluxanlardan biri ölüb
Pekin, 20 fevral, AZƏRTAC
Cənubi Koreyada yeni tip koronavirusa (COVID-19) yoluxanlardan biri ölüb.
AZƏRTAC Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qabaqlayıcı Tədbirlər Mərkəzinə istinadla xəbər verir ki, Çhondo şəhərinin 63 yaşlı sakini 20 ildən artıq müddətdir ki, başqa xəstəlikdən əziyyət çəkirmiş. Həmin kişinin və digər 15 nəfərin koronavirusa yoluxması səlahiyyətli qurumların Çhondo şəhərindəki xəstəxanada müalicə alan pasiyentləri və bütün tibb işçilərini müayinə etdikdən sonra məlum olmuşdu. Hazırda onun ölüm səbəbi dəqiqləşdirilir.
Mərkəzin məlumatına əsasən, ötən sutka ərzində Cənubi Koreyada 53 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 104-ə çatıb. Son 2 gündə ölkədə yoluxma hallarının əksəriyyəti Dequ şəhərində və qonşu Şimali Qyonqsanq vilayətində qeydə alınıb.
Səhiyyə və sosial təminat nazirinin müavini Kim Kanq-lip indiki mərhələdə COVID-19-un yerli səviyyədə məhdud əhatə dairəsində yayıldığını deyib. Səhiyyə orqanları infeksiyanın yayılmasının qarşısını almaq üçün karantin və profilaktik iş planı üzərində işləyir. Hökumət virusla əlaqədar "narıncı" (3-cü dərəcəli) xəbərdarlıq səviyyəsini qüvvədə saxlayıb.
Cənubi Koreyada virusa sonuncu yoluxanların epidemiyanın meydana çıxdığı Çinə səfər etmələri barədə dəqiq məlumat yoxdur.
Hazırda Cənubi Koreyada 1860 nəfər virusa yoluxmaq şübhəsi ilə karantinə alınıb. Yanvarın əvvəlindən bəri ölkədə 13 min adam virusa yoluxma ehtimalı ilə müayinə edilib. Onlardan 11 min 238 nəfərinin test nəticələri mənfi olub, 16 nəfər isə sağalaraq xəstəxananı tərk edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin