DÜNYA
Cənubi Koreyada “omikron” səbəbindən sutkalıq yoluxma sayı ilk dəfə 8 mini ötüb
Pekin, 25 yanvar, AZƏRTAC
Cənubi Koreyada COVID-19 virusunun yüksək yoluxuculuq xüsusiyyəti olan “omikron” ştamının sürətlə yayılması nəticəsində ötən sutka 8 min 571 yoluxma aşkarlanıb. Bu, Cənubi Koreyada pandemiya dövrünün ən yüksək sutkalıq göstəricisidir. Bundan əvvəl sutkalıq antirekord dekabrın 15-də (7 min 848 yoluxma) qeydə alınmışdı.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, “omikron”un ölkədə dominant ştama çevrilməsi fonunda ötən həftə sutkalıq yoluxma sayı davamlı artıb. Əgər ötən həftənin bazar ertəsi yoluxma sayı 3 min 857 idisə, bazar günü bu rəqəm 7 min 513 olub. Səlahiyyətli şəxslər yoluxma dinamikasını əsas götürərək, gələn ay sutkalıq yoluxma sayının 30 minə çatacağı barədə proqnoz veriblər. Bununla yanaşı, “omikron” ştamının sürətlə yayılmasının pik həddə çatması sayəsində kütləvi immunitetin yarana biləcəyi güman olunur. Sutkalıq yoluxma sayı çoxalsa da, ağır pasiyentlərin sayında azalma müşahidə olunur.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yanvarın 26-dan etibarən koronavirusla mübarizə üzrə yeni sistem işə salacaq. Bu sistem əsasən yaşlı insanlar da daxil olmaqla xüsusi risk qrupundan olan “omikron” pasiyentlərin erkən aşkarlanması və müalicəsini əhatə edəcək. Bundan başqa, ev şəraitində müalicə alan vaksin olunmuş pasiyentlərin karantin müddəti 7 günə endiriləcək. Yoluxmuş şəxslərlə yaxın təmasda olmuş peyvəndlənmiş şəxslər karantinə cəlb olunmayacaq, yalnız test verəcəklər.
Hökumət Şərq xalqlarının ay təqvimi ilə qeyd olunan yeni il tətilində (31 yanvar-2 fevral) insanlara digər yaşayış məntəqələrinə səyahətlərdən çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, Cənubi Koreyada “omikron” ştamına ilk yoluxma noyabrın son günlərində aşkarlanıb. Bəzi ekspertlər “omikron”un dominantlığı fonunda yaxın günlərdə sutkalıq yoluxma sayının 20 minə, bir qədər sonra isə 100 minə çatacağını güman edirlər.
Paralel olaraq ölkədə virusa qarşı vaksinasiya da davam edir. İndiyədək əhalinin 85,4 faizi tam vaksin olunub, 50 faizi isə “buster” dozanı qəbul edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin