DÜNYA
Cənubi Koreyada yenidoğulanların sayı rekord dərəcədə azalıb
Pekin, 27 oktyabr, AZƏRTAC
Cənubi Koreyanın Statistika İdarəsi avqust ayında ölkədə 22 min 291 körpənin doğulduğunu açıqlayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz az olmaqla yanaşı, müvafiq statistikanın aparılmağa başladığı 1981-ci ildən bəri ən aşağı rəqəmdir. Cənubi Koreyada yenidoğulanların sayı 2015-ci ilin dekabrından bəri azalmağa başlayıb. Mütəxəssislər azalmanın ölkədə gec yaşlarda ailə qurmaq trendinin dəbdə olması və körpə dünyaya gətirmək yaşında olan qadınların sayının azalması ilə bağlı olduğunu bildirirlər.
Statistika İdarəsi ötən ay yeni qurulan ailələrin sayının əvvəlki illə müqayisədə 2,1 faiz azaldığını, vəfat edənlərin sayının isə 2,1 faiz artdığını açıqlayıb.
Qeyd edək ki, son illər Cənubi Koreyada ölənlərin sayında artım, yeni doğulanların sayında isə müşahidə olunan azalma tempi ölkənin ciddi demoqrafik problemlə üz-üzə qaldığını göstərir. Ötən il Cənubi Koreya tarixində ilk dəfə əhalinin sayının əvvəlki illə müqayisədə azalması faktı ölkədə ötən ilin noyabrında aparılmış siyahıyaalmanın nəticələrində əksini tapıb. Keçən il ölkədə 275 min körpə doğulub, 307 min ölüm qeydə alınıb. Yeni doğulanların sayı 10,65 faiz azalıb, ölüm sayı isə 3,1 faiz artıb. Siyahıyaalmanı həyata keçirən Daxili İşlər Nazirliyi doğuş sayının azalmasının və yaşlıların sayının çoxalmasının hökuməti demoqrafik siyasətdə əsaslı dəyişikliklərə getməyə vadar etdiyini açıqlayıb. Statistikaya əsasən, yaşı 60-dan yuxarı olanlar ölkə əhalisinin 24 faizini, 50-60 yaşında olanlar isə 16,7 faizini təşkil edir. Bu rəqəmlər Cənubi Koreya əhalisinin sürətlə “qocalmasını” açıq şəkildə göstərir. BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət "yaşlı cəmiyyət", bu rəqəm 20 faizdən çox olarsa "super yaşlı cəmiyyət" kimi xarakterizə olunur.
Ötən il Seul sakinlərinin sayı son 32 ildə ilk dəfə olaraq 10 milyon nəfərdən aşağı düşüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin