DÜNYA
Cənubi Koreyada yoluxmaların çoxalmasına baxmayaraq karantin rejimi yumşaldılıb
Pekin, 19 fevral, AZƏRTAC
Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma sayının 100 mini ötməsinə baxmayaraq, fevralın 19-dan karantin rejimi bir qədər də yüngülləşdirilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hökumətin qərarına əsasən, restoran və kafelərin, digər xidmət müəssisələrinin iş vaxtı axşam saat 10-dək uzadılıb. Yeni qayda martın 13-nə kimi qüvvədə olacaq. “Omikron” dalğasının inkişafından asılı olaraq gələcəkdə karantin rejiminə yenidən dəyişiklik edilməsi gözlənilir. Karantin rejiminin yumşaldılması pandemiyanın kiçik sahibkarlıq obyektlərinə təsirini azaltmaq məqsədi daşıyır.
Qeyd edək ki, ardıcıl 2 gündür Cənubi Koreyada sutkalıq yoluxma sayı 100 mindən yuxarı olur. Mütəxəssislər “omikron” dalğasının zirvəsinin fevralın sonu - martın ortasına təsadüf edəcəyini proqnozlaşdırır.
Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi də davam edir. Əhalinin 86,3 faizi hər iki doza peyvəndi, 59,1 faizi isə “buster” dozanı da qəbul edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin