QAN YADDAŞI
Cənubi Koreyanın Cecu adasının sakinləri Xocalı soyqırımına dair məlumatlandırılıblar VİDEO
Pekin, 25 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində “BUTA” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı və Koreyada yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə Koreya Respublikasının Cecu adasında 1948-1949-cu illərdə baş vermiş “Cecu qiyamı”na həsr olunan “Neobeunsungi 4.3” xatirə zalında və “Cecu qiyamı” abidəsinin yerləşdiyi ərazidə məlumatlandırma aksiyası keçirilib.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Cecu sakinlərinə Xocalı soyqırımı haqqında məlumat xarakterli bukletlər paylanılıb. Həmvətənlərimiz koreyalılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat əldə etmək üçün Koreya dilində fəaliyyət göstərən www.khojaly.or.kr internet səhifəsinə daxil olmağı təklif ediblər.
Aksiya iştirakçıları Xocalı soyqırımı haqqında Koreya dilində hazırlanan “Xocalı soyqırımı” və “Unudulmuş soyqırımı” kitabçalarını “Neobeunsungi 4.3” xatirə zalının fonduna təqdim ediblər. Xatirə zalının rəhbərliyi bu kitabçaların ziyarətçilərə əlçatan bir yerdə nümayiş olunacağını bildirib.
Qeyd edək ki, bu, Cecu adasında Xocalı soyqırımı ilə bağlı ilk tədbirdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin