MƏDƏNİYYƏT
Cənubi Koreyanın KTV kanalı Azərbaycan icması haqqında reportaj yayımlayıb VİDEO
Pekin, 24 dekabr, AZƏRTAC
Cənubi Koreyanın KTV televiziya kanalı bu ölkədəki Azərbaycan icmasının fəaliyyəti barədə reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda Vətən uğrunda aparılan müharibə haqqında məlumat verilib və müharibə zamanı mülki vətəndaşlarımızın həlak olması bildirilib.
Qeyd olunub ki, müharibə zamanı mülki insanlar və hərbçilər arasında itkilərin olması Cənubi Koreyadakı Azərbaycan icmasında dərin narahatlıq yaradıb. Azərbaycan icmasının üzvləri COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən vətənə gedə bilməyiblər. Amma Azərbaycan icmasının üzvləri maraqlı xeyirxah aksiya həyata keçiriblər. Belə ki, onlar Seuldakı kilsələrin birində Azərbaycan milli yeməkləri hazırlayaraq, tənha yaşayan yaşlı insanlara paylayıblar. Azərbaycanlılar bu xeyriyyə aksiyası ilə Koreya ictimaiyyətinə sülh mesajı veriblər.
Reportajda Azərbaycan icmasının 44 gün davam etmiş müharibə zamanı Ermənistanın Gəncə, Bərdə və digər yaşayış məntəqlərimizi raket atəşinə tutması nəticəsində mülki insanların həlak olması barədə yerli ictimaiyyətin məlumatlandırılması istiqamətində gördüyü işlərdən də söz açılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin