DÜNYA


Cənubi Koreyanın kosmik raketi ikinci cəhddə şərti peyki orbitə çatdırıb

Pekin, 21 iyun, AZƏRTAC

Cənubi Koreya kosmos proqramı çərçivəsində özünün milli istehsalı olan KSLV-2 (“Nuri”) kosmik raketinin ikinci buraxılışını həyata keçirib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, raketin buraxılışı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 11:00) ölkənin cənub sahillərindəki Naro kosmik mərkəzində baş tutub. Cənubi Koreyanın Elm və İnformasiya-kommunikasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, tamamını Cənubi Koreya mütəxəssislərinin hazırladığı və çəkisi 200 ton olan “Nuri” sınaq tapşırığında şərti peyki Yer səthindən 700 kilometr yüksəkliyə qaldırıb.

Qeyd edək ki, Cənubi Koreya bu uğurla SSRİ (hazırda Rusiya), ABŞ, Fransa, Çin, Yaponiya və Hindistandan sonra çəkisi bir tondan çox yükü orbitə qaldıran raket istehsal edə bilən 7-ci ölkə adını qazanıb. Cənubi Koreyanın 2009-cu və 2010-cu illərdəki raket buraxılışları uğursuz olmuşdu. 2013-cü ildə isə ilkin mərhələdə çalışacaq mühərrikləri Rusiyada hazırlanan “Napo” raketinin buraxılışı uğurlu olub. Hökumət “Nuri” raketinin hazırlanması üçün 2010-cu ildən bəri 1,8 milyard ABŞ dolları vəsait sərf edib. “Nuri” ötən ilin oktyabrında ilk cəhdə 700 kilometr yüksəkliyə qalxsa da, şərti peyki orbitə çatdıra bilməmişdi.

Cənubi Koreya hökuməti 2027-ci ilədək daha 4 ədəd “Nuri” raketinin buraxılışını həyata keçirməyi planlaşdırıb. Növbəti hədəf isə Ay səthinə enə bilən modulun 2031-ci ildə kosmosa göndərilməsidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.