DÜNYA


Cənubi Koreyanın sabiq prezidenti Ro Te-vu vəfat edib

Pekin, 26 oktyabr, AZƏRTAC

1988-1993-cü illərdə Cənubi Koreyanın Prezidenti olmuş Ro Te-vu vəfat edib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, sabiq dövlət başçısı bu yaxınlarda səhhətində yaranan problemlərə görə paytaxt Seulda xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı qüvvələrin hərbçisi olan general Ro 1979-cu ildə Çun Du-hvana dəstək verərək onun hərbi qiyam yolu ilə hakimiyyətə gəlməsinə kömək edib. Lakin 1987-ci ildə ölkədə demokratiya naminə kütləvi mitinqlərdə əhalinin birbaşa prezident seçkisi keçirilməsi tələbinin təmin olunması ilə bir il sonra keçirilmiş seçkidə Ro Te-vu qalib gəlib. O, ölkənin təkrar namizəd olmamaq şərti ilə 5 il müddətinə seçilmiş ilk dövlət başçısı olub. Ro Te-vunun hakimiyyəti illəri Cənubi Koreyanın sosialist bloku ölkələri, o cümlədən keçmiş SSRİ və Çin ilə diplomatik əlaqələr qurması, habelə Şimali Koreya ilə mübadilələrin təşviqi dövrü kimi xarakterizə olunur.

O, 1993-cü ildə korrupsiya ittihamları ilə həbs olunub. Məhkəmə korrupsiya əməllərində, habelə 1979-cu ildəki dövlət çevrilişində və 1980-cı ildə Kvancu şəhərində dinc mitinqin dağıdılmasında təqsirli bilərək Ro Te-vu 22 il müddətinə azadlıqdan məhrum etməklə yanaşı, 260 milyard von (təxminən 223 milyon ABŞ dolları) cərimə ödəməsi barədə qərar qəbul edib. Sonradan onun cəzaçəkmə müddəti 17 ilə endirilib, 1997-ci ildə isə ovaxtkı dövlət başçısı Kim Younq-sam tərəfindən əfv edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.