İQTİSADİYYAT
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlər davam etdirilir
Bakı, 19 noyabr, AZƏRTAC
Cari ilin ilk üç rübünə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə Azərbaycanda 196 kilometr uzunluğunda borular qaynaq olunub.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, cari ilin üçüncü rübündə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri davam edib və təqribən 177 kilometr boru örtüklənib, 168 kilometr boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri aparılır.
Üçüncü rübdə Gürcüstan ərazisində də xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edib. Həmçinin kəmər xəttinin inşası üzrə tikinti işləri aparılıb. Belə ki, 59 kilometrə yaxın boru qaynaq olunub və örtüklənib, 52 kilometrə yaxın boru isə xəndəyə endirilib. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq.
Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. Birinci kompressor stansiyasında işlərin 80 faizi tamamlanıb və işlər 2017-ci ildə başa çatmaq planına uyğun aparılır. İkinci kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında isə işlərin 2018-ci ildə tamamlanması nəzərdə tutulub.