İQTİSADİYYAT
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlərin 89 faizi tamamlanıb
Bakı, 10 may, AZƏRTAC
Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Tikinti və istismar sınaqları da daxil olmaqla, bu işlərin ümumilikdə 89 faizi tamamlanıb.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda kəmər xəttinin inşası üzrə işlər uğurla davam edib. Təqribən 320 kilometr uzunluğunda borular qaynaq olunub, 263 kilometr boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı yekunlaşıb. Beşinci üfüqi qazma bu ilin aprelində başa çatıb.
Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib: 62 kilometr uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.
Hazırda həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidrosınaqları aparılır.
Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. Birinci kompressor stansiyasında işlər təqribən 96 faiz, ikincisində isə 70 faiz tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) işlərin 95 faizi görülüb və onun cari ildə təhvil verilməsi planlaşdırılır.