CƏMİYYƏT
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar səyyar “ASAN xidmət”ə 5500-dən çox müraciət daxil olub VİDEO
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 sentyabr tarixli Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərin icrası davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, cari il sentyabrın 20-dən səyyar “ASAN xidmət” çərçivəsində 7 rayonda (Hacıqabul, Kürdəmir, Yevlax, Ağdaş, Ucar, Goranboy, Samux) ümumilikdə 5500 dən çox müraciət qəbul edilib. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir.
Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar “Cənub” qaz dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə artıq zəruri addımlar atılır.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.