DÜNYA
Cənubi Sudanda hərbçilərlə yerli sakinlər arasında baş verən toqquşmalarda 127 nəfər həlak olub
Bakı, 12 avqust, AZƏRTAC
Cənubi Sudanın şimalında hərbçilərlə yerli sakinlər arasında artıq iki gündür ki, davam edən toqquşmalar nəticəsində ən azı 127 nəfər həlak olub.
AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, hərbçilər regionda yerləşən Varab ştatında əhalidəki odlu silahları müsadirə etmək üçün hökumət proqramı çərçivəsində əməliyyat keçirir.
Cənubi Sudan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Lula Ruay Koanqanın məlumatına görə, həlak olanların arasında 82 dinc sakin və 45 hərbçi var.
“Tamazuj” qəzeti isə öz növbəsində yerli sakinlər və hərbçilər arasında toqquşmaya bazarda baş verən insidentin səbəb olduğunu yazır. Belə ki, baş geyimini çıxarması barədə əmrə tabe olmayan gəncin hərbçilər tərəfindən qətlə yetirilməsindən sonra yerli sakinlər kazarmalara hücum edib.
İnsidentlə bağlı təhqiqat başlayıb.