CƏMİYYƏT
Cərrahi əməliyyat zamanı koronavirus infeksiyasından qorunmağın yolları
Bakı, 31 mart, AZƏRTAC
Hazırda koronavirus (COVID-19) infeksiyasının pandemiya dövrünü yaşayırıq və onunla mübarizə aparmaqdayıq. Bu xəstəliklə savaşda ən effektiv yol - onun yayılmasının qarşısını almaqdır. Bunun üçün özünütəcrid ən vacib tədbirdir. Hər sahədə birbaşa təmasları azaltmaq üçün total izolyasiya tədbirləri həyata keçirilir. Həyati vacib sahələr istisna olmaqla, əksər sferaların fəaliyyəti dayandırılır və ya distant formaya keçirilir. Lakin elə sahələr var ki, orada birbaşa təması aradan qaldırmaq mümkün deyil. Bunlardan biri də tibbi fəaliyyət sahəsidir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramovun sözlərinə görə bu səbəbdən bir çox ölkələrdə tibbi fəaliyyət sahəsində iki mühüm dəyişiklik həyata keçirilir. Bunlardan birincisi, COVID-19 xəstəliyi və ya şübhəsi olan pasiyentlərə xidmətin izolyasiyası, ikincisi isə planlı xidməti dayandırmaq və yalnız təcili və təxirəsalınmaz tibbi xidmətləri göstərməkdən ibarətdir. Sonuncu tədbirin həyata keçirilməsində birinci məqsəd insani təmasları azaltmaqdırsa, ikincinin məqsədi tibbi resursları qorumaqdır.
Professor qeyd edib ki, hazırda bəzi xəstələrdə təcili və onkoloji əməliyyatların aparılması zərurəti ortaya çıxır. Buna görə də əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra koronavirus infeksiyasına yoluxmanın və onun yayılmasının qarşını almaq üçün bir sıra tədbirlərin görülməsinə böyük ehtiyac var. İnfeksiyaya nəzarət komitələrinin tövsiyələrini, beynəlxalq protokolları, elmi tədqiqatları, Çin, İtaliya və digər ölkələrdən əldə edilən dünya təcrübəsini nəzərə alaraq professor Nuru Bayramov və həmin kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Sevinc Salahova COVID-19 pandemiyası dövründə aparılan təcili və onkoloji əməliyyatlarda aşağıdakı profilaktik tədbirlərin görülməsini tövsiyə edirlər:
1. Təlim. Tibbi personala sterilliyi qorumaq, davranmaq, geyinmək və xüsusi cəhətlərə diqqət etmək üçün təlimlər keçmək.
2. Total skrininq. Xəstəxanaya müraciət edən bütün xəstələri COVID-19-a görə klinik və laborator olaraq yoxlamaq.
3. İzolyasiya. COVID-19 olan xəstələrlə infeksiyaya yoluxmayanların bütün cərrahi xidmətlərini bir-birindən təcrid etmək - yatış şöbələri, əməliyyatxanaları və tibbi personalı ayrı olmalıdır. Bunun üçün xəstəxanaları ayırmaq və ya tibb müəssisəsi daxilində izolyasiya etmək lazım gəlir.
4. Total qoruma. Hazırkı yoxlama üsullarının nə dərəcədə həssas və spesifik olduğunu dəqiq bilmədiyimizi, yoluxmanın hər mərhələdə baş verə biləcəyini nəzərə alaraq həm virus pozitiv, həm də neqativ olanların müalicə mərhələlərində yüksəkdərəcəli qoruma tədbirləri həyata keçirmək lazımdır.
5. Xəstələrlə əməliyyatdan əvvəl və sonra təmas qaydaları infeksion komitənin verdiyi tövsiyələr çərçivəsində olmalıdır.
6. Tibbi personalı qorumaq (ikiqat geyim və deşilməni önləmək).
a. Əməliyyat vaxtı cərrah, tibb bacıları və anestezioloqların geyimləri steril və iki-üçqat olmalıdır: ikiqat papaq, əlcək, maska və xalat, qoruyucu üzlük.
b. Əməliyyat vaxtı əlcəklərin deşilməməsi və yırtılmamasına səy göstərmək, bu, baş verərsə, anında dəyişdirmək.
7. Ağciyəri qorumaq. Ağciyərləri qorumaq üçün laparoskopik əməliyyatlarda qarındaxili təzyiqi aşağı səviyyədə tutmaq və Tredlenburq vəziyyətindən qısamüddətli istifadə etmək.
8. Tüstünün yayılmasının qarşısını almaq. Elektrokoterlərin və ultrasəs bıçaqlarının törətdiyi tüstü virus və mikrobların yayılmasında rol oynayır. Ona görə də həm açıq, həm də laparoskopik əməliyyatlarda tüstünün əmələ gəlməsini və yayılmasını azaltmaq lazımdır. Bu məqsədlə koterlərin məhdud şəkildə, aşağı rejimdə və qısamüddətli istifadəsi, tüstünü sormaq üçün aspiratorlardan istifadə etmək tövsiyə olunur.
9. Əməliyyat vaxtı “mayelərin” kənara çıxmaması. Əməliyyat vaxtı qan və digər mayelərin ətrafa çıxmasının qarşısı maksimal dərəcədə alınmalıdır və bu məqsədlə sorucuların istifadəsi şərtdir.
10. Pnevmoperitoneum qazının kənara çıxmaması. Pnevmoperitoneum qazında virusların olma ehtimalı var, ona görə də bu havanın kənara çıxmamasına diqqət etmək lazımdır: resirkulyator sistemlər istifadə edilməməlidir, portlardan buraxmalara, xüsusən qəfləti qaz çıxışlarına yol verilməməlidir, mümkünsə, karbon qaz filtrləri istifadə edilməlidir.
11. Dezinfeksiya. Əməliyyatdan sonra əməliyyat otağı və cihazlar, tullantılar yüksək dezinfeksiya tələblərinə uyğun olaraq işlənməlidir.