CƏMİYYƏT
Cərrahiyyənin aktual problemlərinə dair regional elmi-praktiki konfrans keçirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyası (ACQA) və Bərdə Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib. Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İki gün davam edən konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunaraq 8 kredit balla qiymətləndirilib. Tədbirdə Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Tərtər, Goranboy rayonlarından 100-ə yaxın həkim - cərrahlar, endoskopistlər, anestezioloq-reanimatoloqlar, endokrinoloqlar, kardioloqlar, qastroenteroloqlar iştirak ediblər.
Konfransın ilk günü üç xəstə üzərində mürəkkəb açıq və laparoskopik üsulla çətin xolesistektomiya, göbək və qasıq yırtıqlarının ləğvi, refundoplikasiya əməliyyatları icra edilərək birbaşa konfrans zalına translyasiya olunub, əməliyyatın gedişi geniş şərh olunaraq verilən suallar cavablandırılıb. Həmçinin abdominal, endokrin, damar, kardiocərrahiyyə və anesteziologiya-reanimatologiyanın aktual problemlərinə həsr olunmuş mühazirələr dinlənilib.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.