İDMAN


Cəsarət Əhmədov: Doğma Azərbaycanımızın bayrağını hər zaman ən yüksəkdə dalğalandıracağıq

Yeniyetmə və gənclərdən ibarət qol güləşi üzrə millimiz Avropa çempionu olub

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları Rumıniyanın paytaxtı Buxarestdə keçirilən XXXI Avropa çempionatında yüksək nəticələr əldə ediblər.

Azərbaycan Qol Güləşi Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığma komandamızın üzvləri İbrahim Cəlilov, İsmayıl Mustafayev, Rəşad Quluzadə, Tərxan Müzəffərov və Orxan İsayev həm sol, həm də sağ qolda bütün rəqiblərinə qalib gələrək qızıl medallara sahib olublar. Daha bir idmançımız Əhməd Mahmudov isə hər iki qolda finaladək yüksələrək iki gümüş medal əldə edib.

Beləliklə, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət qol güləşi üzrə milli komandası 10 qızıl və 2 gümüş olmaqla, ümumilikdə 12 medal qazanaraq XXXI Avropa çempionatında 25 ölkə arasında birinci yerə layiq görülüb.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov deyib: “Bu nailiyyət göstərir ki, federasiyanın keçirdiyi seçim turunda həqiqətən də ən güclü və layiqli idmançılar müəyyənləşdirilərək Avropa çempionatına göndərilib. Əminəm ki, növbəti dünya və Avropa çempionatlarında Azərbaycan Qol Güləşi Federasiyası bu yüksək nəticəni böyüklərdən ibarət yığma komandamızla da göstərəcək və doğma Azərbaycanımızın bayrağını hər zaman ən yüksəklərdə dalğalandıracaq. Əldə olunan nailiyyətlər federasiyada işin doğru təşkilindən xəbər verir. Biz də öz uğurlarımız ilə ölkədə idmanın inkişafına töhfə verməyə çalışırıq”.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan C.Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Hazırda Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Beynəlxalq idman qurumları mötəbər yarışların təşkilini heç bir tərəddüd etmədən ölkəmizə həvalə edirlər. İdmançılarımız isə irimiqyaslı turnirlər də dövlətimizi layiqincə təmsil edib, himnimizi səsləndirirlər. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurla idman siyasətinin bariz nümunəsidir”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.