İDMAN


Cəsarət Əhmədov: Qol güləşi üzrə XXXI Avropa çempionatında müqəddəs üçrəngli bayrağımız 10 dəfə ən yüksəyə ucaldılıb

Bakı, 13 may, AZƏRTAC

Qol güləşi üzrə yığma komandamızın üzvləri Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən XXXI Avropa çempionatında yüksək nəticələr əldə ediblər. İdmançılarımız İbrahim Cəlilov, İsmayıl Mustafayev, Rəşad Quluzadə, Tərxan Müzəffərov və Orxan İsayev həm sol, həm də sağ qolda bütün rəqiblərinə qalib gələrək qızıl medallara sahib olublar. Daha bir idmançımız Əhməd Mahmudov isə sol və sağ qolda iki gümüş medal əldə edib. Beləliklə, yeniyetmə və gənclərdən ibarət yığma komandamız 10 qızıl və 2 gümüş olmaqla, ümumilikdə 12 medal qazanaraq XXXI Avropa çempionatında 25 ölkə arasında birinci yerə layiq görülüb.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov deyib.

C.Əhmədov bildirib: “Bu, həqiqətən də çox yüksək bir nəticədir və federasiyamız təsis olunduğu 2009-cu ildən bəri ilk dəfədir belə bir nailiyyətə imza atır. Həmçinin bu tarixi nailiyyət bir çox həqiqətləri üzə çıxarır. İlk növbədə əldə olunan birincilik bir daha təsdiq edir ki, hazırlıq mərhələsində Azərbaycan Qol Güləşi Federasiyasında rəhbərliyim və məşqçilərimizin iştirakı ilə, açıq və şəffaf şəkildə keçirilmiş seçim turu həqiqətən də ədalətli və düzgün aparılıb və nəticədə ölkəmizi Avropa çempionatında təmsil etməyə layiq olan ən güclü idmançılar müəyyən ediliblər. Digər tərəfdən isə federasiyamız bugünkü böyük uğura 2009-cu ildən bəri addım-addım, hər növbəti il dünya və Avropa çempionatlarında əldə etdiyi nəticələri daha da yüksəldərək nail olub. Bu günədək qol güləşçilərimiz Avropa və dünya çempionatlarında ölkəmizə ümumilikdə 250-yə yaxın medal qazandırıblar ki, onların da 90-dəki qızıl medallardır. Bütün bu illər ərzində isə federasiyamızın klub və zallarında yüzlərlə vətənpərvər, sağlam ruhlu idmançılar və məşqçilər yetişiblər. Bu da onu göstərir ki, ölkəmizdə yürüdülən gənclər və idman dövlət siyasəti Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi tərəfindən düzgün həyata keçirilir.

“XXXI Avropa çempionatına yola saldığımız heyətə rəhbərlik beynəlxalq dərəcəli hakim, əlillərdən ibarət yığma komandanın baş məşqçisi Kamran Qurbanova həvalə olunub. İdmançılarımız artıq 10 dəfə müqəddəs bayrağımızı ucaltmağa nail olublar. Lakin bu, hələ mübarizənin sonu deyil. Belə ki, sabah idmançılarımızdan İsmayıl Mustafayev, Rəşad Quluzadə, Tərxan Müzəffərov və Orxan İsayev artıq böyüklər arasında da öz güclərini sınayacaqlar”, - deyə C.Əhmədov əlavə edib.

Ölkəmizi Rumıniyada təmsil edən bütün idmançıları ürəkdən təbrik edən C.Əhmədov deyib: “Qoy hamı bilsin ki, doğma Vətənimizi xarici ölkələrdə şərəf və ləyaqətlə təmsil edən bütün Azərbaycan idmançıları bizim ürəyimizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.