REGİONLAR
Cəsur əsgər Rahib Məmmədovun şücaəti gənclərimiz üçün bir örnəkdir
Ağdam, 2 fevral, AZƏRTAC
Cəsur əsgər Rahib Məmmədovun şücaəti gənclərimiz üçün örnəkdir. Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmanlıqla həlak olan Rahib Məmmədovun xatirəsi daim anılır, ehtiramla yad edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi, Abşeron Binə Peşə Liseyi və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun anım gününə həsr olunmuş onlayn tədbirdə danışılıb.
Çıxış edənlər cəsur əsgərin mənalı və qəhrəmanlıqla dolu həyatından bəhs ediblər. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Onlayn tədbirdə Rahib Məmmədova həsr olunmuş şeirlər səsləndirilib. Rahib Məmmədovun anım günü münasibətilə onun adını daşıyan muzeyin kollektivi qəhrəmanın büstü önünə gül dəstələri qoyaraq, xatirəsini yad edib.