ELM VƏ TƏHSİL
Ceyhun Bayramov: 7 pilot peşə təhsili müəssisəsinin tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən 7 pilot peşə təhsili müəssisəsinin (Bakı, Sumqayıt, Saatlı, Bərdə, Mingəçevir, Cəlilabad və Lənkəran) tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib.
AZƏRTAC xəbər verir ki, bu fikri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, “Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf indikator olaraq müəyyən edilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Peşə Təhsil Mərkəzi artıq istifadəyə verilib.
“Nazirlik Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərə bilməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi sahəsində 2020-ci ilə qədər qarşıya qoyulan hədəflərə çatmaq üçün səylə çalışır”, - deyə Ceyhun Bayramov qeyd edib.