SİYASƏT
Ceyhun Bayramov: Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji xarakter daşıyır VİDEO
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bizi ortaq tarix birləşdirir, onun vacib bir hissəsi faşizm üzərində Qələbədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“İnanırıq ki, müntəzəm qarşılıqlı səfərlər dialoqun davam etdirilməsinə mühüm töhfə verir. İkitərəfli münasibətlərin inkişafı güclü müqavilə bazasına əsaslanır. Münasibətlərimizi tənzimləyən təxminən 230 sənəd var. Bir çox başqa sənədlər hazırlanma mərhələsindədir”, - deyə nazir bildirib.
Ceyhun Bayramov ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsində hökumətlərarası komissiyanın işinin vacibliyini qeyd edərək deyib: “Koronavirus pandemiyası səbəbindən ticarət dövriyyəsində yaranmış geriləməni aradan qaldırmaq üçün son görüş zamanı Moskvada əldə olunmuş razılaşmaların həyata keçirilməsi vacibdir. Pandemiya hər kəsə meydan oxumaqla yanaşı, əlaqələrimizin gücünü sınayan yaxşı bir dərs oldu. Bizim bu sınaqdan mükəmməl çıxdığımıza inanırıq. Rusiya tərəfinə mütəxəssis və peyvənd göndərdiyinə görə təşəkkür edirik”.